Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bir neçə gün əvvəl Milli Məclisdə mədəniyyət və ədəbiyyat nümayəndələrinin bu sahələrə dövlət büdcəsindən ayrılan vəsaitin azlığı ilə bağlı giley-güzarları ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bir tərəfdən, mədəniyyətin dövlət qayğısına ehtiyacı vurğulanır, digər tərəfdən isə yaradıcı şəxslərin və təşkilatların dövlət hesabına maliyyələşdirilməsinin nə dərəcədə əsaslı olduğu sual altına alınır.
İnsanlar arasında bəzən haqlı etirazlar yaranır ki, yazıçının kitabı satılmırsa, bu, avtomatik olaraq dövlətin onu maliyyələşdirməli olduğu deməkdirmi? Ya da bəstəkarın əsəri ifa olunmursa, dövlət onu mütləq satın almalıdırmı?
Dövlətin mədəniyyətə maliyyə ayırması beynəlxalq təcrübədə var, təbii ki qərbi Avropa dövlətlərində çəkilən hər kommersiya filmi, serialı, klipi dövlətin dəstəyindən bəhrələnmir, konkret dövlətin özünə “sərf edən” yaradıcılıq nümunələrinə pul ayrılması əsas prioritetdir.
Lakin konkret yaradıcı şəxslərin dövlət hesabına təmin edilməsi tamamilə başqadır. Bu, daha çox postsovet məkanında müşahidə olunan haldır. Tanınmış yazıçı, şair, bəstəkar dövlət tərəfindən diqqətə alınır, müalicə olunur, ev verilir və s.
Ümumiyyətlə dövlət yazıçıya, bəstəkara, rəssama və digər sənət adamlarına pul ayırmalıdır, yoxsa onlar öz yaradıcılıqları hesabına yaşamalı, bununla da dövlətə vergi ödəməlidirlər?
Mədəniyyət və ümumiyyətlə yaradıcı sahə yalnız kommersiya gəliri ilə ölçülmür. Muzey, teatr, ədəbiyyat və s. sahələrin daha çox mənəvi dəyər daşıyır, yəni gəlir gətirməsə də dünyanın bütün sivil ölkələrində bu sahəyə pul ayrılır. Sadəcə bizdəki kimi birbaşa büdcədən deyil, ayrı-ayrı sahələrdən. Məsələn, tikinti şirkətlərinin, İT sahəsinin “boynuna qoyulur” ki, gəlirindən bu qədər ədəbiyyata və incəsənətin təşviqinə pul ayıracaqsan.
Hərçənd bu ölkələrlə Azərbaycanın müqayisəsi 15 yaşında yeniyetmə ilə 50 yaşlı kişini bir tutmaq kimi tərs mütənasibdir. Müasir Azərbaycan ədəbiyyatı, incəsənəti hələ oturuşmayıb, hələ əksərən plagiat, ilhamlanma, üzköçürmə, tərcümə səviyyəsindədir. Beynəlxalq mahnı, film müsabiqələrinə əgər xarici bəstəkarlar, rejissorlar, dizaynerlər vasitəsilə çıxırıqsa “ey vah, mədəniyyət batdı” vaveylası ilə gündəmə gəlmək düzgün deyil. Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması üçün bır yığın kitabı dünya dillərinə tərcümə etmək üçün külli miqdarda büdcədən vəsait ayırmağa ehtiyac yoxdur, onu elə səviyyəyə qaldırmaq lazımdır ki, başqa ölkələr özləri onu öz hesabına tərcümə etməyə maraqlı olsun, əlində müqavilə kağızları ilə yazıçılarımızın təqibindən ayrılmasın.
İnsanları qıcıqlandıran da budur: nə vaxta qədər klassik ədəbiyyatımız, 60-70-ci illərin nostalji sovet Bakısının nimdaş xatirələri tərcümə olunub xaricə göndəriləcək? Bəs bu gün əldə nə var?
Süni İntellektlə yazılmış, qismən az tanınan dünya yazıçılarından köçürülmüş, böyük yazarlardan isə ilhamlanmış ən yeni nəsr (poeziya can verir) niyə ədəbiyyat bilicisi olan avropalının, amerikalının diqqətini çəksin? Buna ayrılacaq pullar da havaya sovrulmuş hesab olunmayacaqmı?
Sənətkarın dolanışığı dövlətin məsuliyyətidirmi?
Burada əsas mübahisə büdcənin azlığı deyil, maliyyələşdirmənin istiqaməti olmalıdır, məsələn, dövlət yazıçıya sadəcə Yazıçılar Birliyinin üzvü olduğuna görə, bəstəkara sadəcə Bəstəkarlar İttifaqının üzvlüyündə olduğuna görə pul verməməlidir. Şəffaf (?) baxış keçirərək gənc yaradıcıların fəaliyyətinə şərait yaratmalıdır, son zamanlarda dəyərli ədəbi əsərlər yaranıbsa, onları ortaya çıxarıb nəşrini maliyyələşdirməlidir. Ən əsası ayrılan vəsaitin nəticələri, görülən işlər ictimaiyyətə hesabat şəklində təqdim etməlidir. Yəni dövlətin vəzifəsi yaradıcı şəxsləri ömürlük dolandırmaq deyil, yaradıcılıq üçün işlək mühit yaratmaqdır.
Başqa sözlə, dövlət mədəniyyət xadimlərini yox, mədəniyyətin özünü maliyyələşdirməlidir. Necə ki, qərb ölkələri Fransa, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Finlandiya, İsveç, Norveç və s. yaradıcı sahəyə qrantlar, subsidiyalar, güzəştli kreditlər ayırır. OECD – (Organisation for Economic Co-operation and Development - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri bu vasitə ilə büdcənin təxminən 1,2 faizini mədəni sahələrin təşəkkülünə yönəldir.
Şəfiqə Şəfa, Bizim.Media