Olke.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda da kənd təsərrüfatında iqlim dəyişikliyinin təsiri hiss olunmaqdadır. Son günlərdə rütubətli hava özəlliklə meyvə-tərəvəzçilik sahəsində ciddi risklər yaratmaqdadır.
Bəs sözügedən problemlər növbəti aylarda yerli bazarlarda özünü necə büruzə verəcək?
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək ictimai birliyinin sədri Zülfiyyə Nuriyeva Ölkə.az-a açıqlamasında bildirib ki, artıq noyabrın 4-ü olmasına baxmayaraq hava günəşli və istidir:
“İqlim dəyişikliklərinin də ilk növbədə təsir etdiyi sahə kənd təsərrüfatıdır. Bu gün nəmli hava, iqlim dəyişikliyi, rütubət daha çox meyvə-tərəvəzə təsir edir. Bunlardan pomidor, xiyar, kələm, göyərti və digər məhsullar ciddi təsir görəcək. Rütubət sözügedən kənd təsərrüfatı məhsullarının tez küflənməsinə və göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Bu isə bazarlarda qiymətlərin artmasına və məhsul qıtlığına, özəlliklə də keyfiyyətli məhsul çatışmazlığına yol açacaq. Bu, hiss ediləcək bir təsir olacaq.
Bilirik ki, torpaqda yetişən məhsullar - soğan, kartof, badımcan, bibər, xiyar, pomidor, kələm nəmə çox həssas tərəvəzlərdir və bu problemi daha çox həmin tərəvəz sahələri ilə məşğul olan əhali hiss edəcək. Burada meyvələri də istisna etmək olmaz. Alma, armud, çiyələk, üzüm, ərik, şaftalı da nəmə həssas meyvələrdir. Məsələn, bu il bazarda şaftalının satış mövsümü çox qısa çəkdi və qiymətləri yüksək oldu. Hətta artıq bir-iki həftədən sonra bazarda şaftalı yox idi.
Bu, rütubət problemindən doğan bir nəticədir. Bu il sadaladığım meyvələr üzrə məhsuldarlıq azaldı və bazarda çox yüksək qiymətlərlə satıldı. Çünki əhali üçün bu məhsulları yetişdirmək də çətinləşdi”.
Z.Nuriyevanın sözlərinə görə, hər bir kənd təsərrüfatı məhsulunun becərilməsində yaşanan problem birbaşa bazara təsir edir:
“Bazarda da qiymət artımı yaranır ki, bu da əhali üçün artıq xərc deməkdir Bu il bazarlarda meyvə-tərəvəz qiymətləri çox yüksək oldu. Hətta 20 qəpiyə aldığımız göyərti artıq 50 qəpiyə satılır”.
İctimai birlik sədri qeyd edib ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və bazara ixracı ilə məşğul olan şəxslər həmin sahələrin suvarmasını düzgün tənzimləməlidir:
“Havalandırma düzgün quraşdırılmalı və meyvə-tərəvəzin yetişdirilməsi üçün mütləq şəkildə münbit şərait sahibkar tərəfindən təşkil olunmalıdır. Əks halda biz qıtlıqdan əlavə, bazarda həm də qiymət artımını müşahidə edəcəyik. Qiymət artımı da birbaşa əhalinin sosial rifahına və sosial yaşam tərzinə təsir edən bir məsələdir. Kartof, soğan, kələm, pomidor, xiyar kimi gündəlik tələbat məhsullarının bahalaşması da ailə büdcəsinə təsir edir.
Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan şəxslər və sahibkarlar ümumiyyətlə suvarma prosesini düzgün tənzimləməlidir. Artıq suvarmaya yol verməməli və məhsulların arasında çürümüş meyvələri vaxtında kənarlaşdırılmalıdır ki, həmin çürümüş meyvələr digər meyvələrə təsir etməsin. Həmçinin vaxtında dərmanlamalar aparılmalıdır ki, xəstəliyin artmasının qarşısı alınsın”.
Könül Vəliyeva