Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Xarici rəqəmsal platformalar sentyabrın 1-dən vergiyə cəlb olunacaq
Sentyabrın 1-dən elektron ticarətlə bağlı yeni vergi tələbi qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda elektron qaydada xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min dollardan çox olan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları 30 gün ərzində vergi orqanında elektron qeydiyyatdan keçməlidir. Belə ki, illik dövriyyəsi 10 min dolları keçən qeyri-rezident platforma qeydiyyatdan keçərsə, fiziki şəxslərə göstərdiyi elektron xidmət üzrə ƏDV-ni hesablayıb büdcəyə ödəyəcək.
Qaydalar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təlimatlarında müəyyən olunmuş tövsiyələri əhatə edən, daxili bazarda fiziki mövcudluğu olmadan rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən subyektlərin vergiyə cəlb edilməsinin səmərəliliyini artıran, habelə qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla müəyyənləşib.
Yeni dəyişikliklərin başlıca məqsədi sahibkarlar və rəqəmsal xidmət bazarında fəaliyyət göstərən xarici şirkətlər üçün vergi öhdəliklərini daha dəqiq müəyyənləşdirilməsi, e-ticarət platformalarının vergiyə cəlb olunmasının təmin edilməsidir. Dəyişiklik, eyni zamanda, rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi ilə əlaqədar aparılan islahatların tələblərindən biridir. Digər mühüm məqam vergi bazasının iqtisadiyyatın rəqəmsallaşmasına uyğunlaşdırılması, rəqəmsal iqtisadiyyat quruculuğunda e-ticarətin hüquqi bazasının formalaşdırılmasıdır. Ümumilikdə, tətbiq olunan yeni mexanizm rəqəmsal xidmətlər sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.
Ədalətli vergi yanaşması
Azərbaycanda rəqəmsal infrastruktur gücləndirilir, yeni iqtisadi model rəqəmsal xidmətlərin ticari dövriyyəsinə nəzarətin artırlmasını da labüd edir. Mövcud vəziyyət onu göstərir ki, e-ticarət bazarında dövriyyənin vergiyə cəlb olunması sahəsində kifayət qədər nizamsızlıq var, xarici platformalar gəlirlərini vergidən gizlədir. Hazırda faktiki olaraq rezident şirkətlər vergiyə cəlb edilib, qeyri-rezidentlərin isə vergidən kənarda qalması e-ticarət sektorunda sahibkarlar üçün sanki ədalətsizlik kimi səciyyələndirilə bilər. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərlə yanaşı, xarici şirkət və platformaların da analoji olaraq vergi öhdəliyinə dəvət edilməsi tamamilə qanunauyğun, vahid vergi yanaşması deməkdir. Vergi Məcəlləsinə yeni dəyişikliyin edilməsi həmin sahədə mövcud olan intizamsızlıqları tam aradan qaldrımaq məqsədi daşıyır.
Qeyri-rezidentlər üçün 10 min dollarlıq dövriyyə həddinin müəyyənləşdirilməsi isə həm inzibatçılıq, həm də kiçikhəcmli xidmətlərin əlavə yükə məruz qalmaması baxımından məqsədəuyğundur. Bu tədbirlər həm də Azərbaycanda rəqəmsal xidmətlər bazarındakı dövriyyənin real dəyərini müəyyən etməyə imkan verəcək, vergi bazasını genişləndirəcək, dövlət büdcəsinə daxilolmalara müsbət təsir edəcək.
Vergi Xidməti kommunikasiya işləri aparır
Yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparılır. Hazırda qeydiyyat prosesi davam edir. Qeydiyyata alınmış elektron ticarət platformaları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və bu günədək qeydiyyatdan keçmiş şirkətlərin siyahısı ilə həmin səhifədə tanış olmaq mümkündür.
Vergi Xidməti bəyan edir ki, yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək.
Rəqəmsal xidmətlərdən sahibkarlıq məqsədilə istifadə edən və vergi uçotunda olan şəxslər qeyri-rezident elektron ticarət platformasının sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. VÖEN-lər daxil edildiyi halda qeyri-rezident elektron ticarət platforması ƏDV-ni xidmətin dəyərinə əlavə etmir və vergi ödəyicisindən tutmur, xidmətdən istifadə edən vergi ödəyicisi isə müvafiq ƏDV-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü hesablayaraq dövlət büdcəsinə ödəyir. Buna görə də vergi ödəyiciləri xidmətlərdən istifadə edərkən vergi statuslarına dair məlumatları düzgün və tam təqdim etməlidirlər.
“Netfliks”, “eBay”, “Zoom” vergi uçotuna alındı
Yeni mexanizmin əhatə etdiyi elektron xidmətlərin dairəsi də müvafiq qanunvericiliklə müəyyən edilib. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”na əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi, eləcə də internet vasitəsilə göstərilən digər oxşar xidmətlər aiddir.
Qeyd edək ki, indiyə qədər ölkəmizdə elektron qaydada rəqəmsal xidmət təqdim edən 10-dan artıq qeyri-rezident uçota alınıb. Onların sırasında “Apple Limited”, “Adobe Systems Software Ireland Limited”, “Sony”, “Hyperconnect LLC”, “Tinder LLC”, “Epic Games Commerce GmbH”, “Chess.Com LLC”, “Xsolla”, “Formula One Digital Media Limited” kimi şirkətləri göstərmək olar.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyin qüvvəyə minməsinə bir neçə gün qalmış bir sıra qeyri-rezident şəxslər də ƏDV məqsədləri üçün elektron vergi uçotuna alınmaq barədə vergi orqanına müraciət edib və vergi uçotuna alınmalar başa çatıb. Onların sırasında ABŞ-ın “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, eləcə də Niderlandın “Netfliks International B.V.”, Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” kimi tanınmış beynəlxalq rəqəmsal xidmət təchizatçısı yer alır.
E.CƏFƏRLİ