Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 101-ə çatıb. Bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat verib.
Hazırkı epidemiya dövründə Ebola virusuna yoluxanların sayı 550-yə çatıb. Bir gün əvvəl bu rəqəmlər müvafiq olaraq 91 və 515 idi.
Konqo Demokratik Respublikasına Ebola virusuna qarşı mübarizədə kömək etmək üçün digər ölkələrdən mütəxəssislər gəlməyə başlayıb. Konqo Demokratik Respublikasının Kommunikasiya və Media naziri Patrik Muyaiya Katembvenin sözlərinə görə, Çinli tibb mütəxəssislərindən ibarət qrup Konqonun paytaxtı Kinşasaya gəlib. O bildirib ki, "Onların tibbi yardım göstərmək və Ebola virusunun yayılmasına qarşı yerli mübarizəni dəstəkləmək missiyası üç ay davam edəcək".
Hazırkı Ebola epidemiyası ötən ay Konqo Demokratik Respublikasında və Uqandada baş verib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, onilliklər ərzində ən böyük və ən ölümcül epidemiyalardan birinə çevrilmək təhlükəsi ilə üzləşir.