Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiyanın Ukraynada yeni ərazilər işğal edə bilməməsi onu Əbu-Dabidə daha praqmatik danışıqlar masasına əyləşməyə məcbur edib. Hazırda Rusiya nə Kupyansk, nə də Pokrovsk istiqamətində əhəmiyyətli irəliləyiş əldə edə bilir. Digər cəbhə xəttlərində də hücum potensialı zəifləyib, ciddi canlı qüvvə və texnika itkiləri verilir. Bu vəziyyət danışıqlar prosesində Rusiyanın mövqeyinə birbaşa təsir göstərir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, ABŞ Rusiyaya siyasi və iqtisadi təzyiqləri artırarsa, Vladimir Putin müəyyən güzəştlərə getməyə məcbur qala bilər: "Mövcud mərhələdə Rusiya Donbas məsələsində özünü nisbi üstün tərəf hesab edir. Moskva Donbası tam nəzarətə götürdükdən sonra atəşkəsə gedərək bunu faktiki qələbə kimi təqdim etməyi və növbəti mərhələdə qonşu ölkələrə qarşı təzyiq siyasətini gücləndirməyi planlaşdıra bilər".
M.Əsədullazadə vurğulayıb ki, Donbasın Rusiyaya güzəştə gedilməsi Ukraynanın dövlətçiliyinin gələcəkdə mərhələli şəkildə zəiflədilməsi riskini yaradır: "Krım, Xerson taleyi ilə bağlı isə hazırda real müzakirələr aparılmır. Bununla belə, Rusiya özünün çətin vəziyyətə düşdüyünün də fərqindədir. ABŞ prezidenti isə Donbasın verilməsi müqabilində atəşkəsə nail olmağa çalışır.
Rusiya müharibədən ciddi şəkildə yorulub. Ölkə iqtisadiyyatı və maliyyə sistemi yaxın perspektivdə dərin böhran riski ilə üz-üzədir. Moskva işğal etdiyi ərazilərin heç olmasa bir hissəsinin de-yure tanınmasına nail olmağa çalışır. Lakin Ukrayna, Avropa İttifaqı və Böyük Britaniya buna razılıq verməyəcək. Avropa İttifaqı və Böyük Britaniya Ukraynanın ABŞ və Rusiya arasında bölünməsinə imkan vermədi.
Əgər Ukrayna bir neçə ay ərzində Rusiya ordusunu cəbhə xəttində saxlaya və ona yeni itkilər yaşada bilsə, Vladimir Putin atəşkəslə razılaşmağa məcbur qala bilər".
Aytac,
Sitat.info