Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri yanvarın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində üçtərəfli danışıqları başa vurdular. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqları konstruktiv adlandırıb.
ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti raundunun fevralın 1-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
ABŞ hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.
Bu barədə “Axios” portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən xəbər yayıb.
Siyasi məsələlər üzrə tədqiqatçı Aqşin Kərimov Bakıvaxtı.az-a bildirib ki, danışıqlar ABŞ-nin müharibəyə son qoymağa yönəlmiş vasitəçilik yeni bir mərhələ idi. Onun fikrincə, ABŞ hesab edir ki, bu danışıqlar mübahisəli məqam olan Şərqi Ukraynadakı ərazi nəzarəti ilə bağlı boşluqları azaltmağa imkan verə bilər.
“Lakin Rusiya danışıqlar gedən zaman müharibədəki maksimalist məqsədlərinə sadiq qaldığını təkrarlamaq üçün raket hücumlarını intensivləşdirdi. Ukrayna isə masada həmişəkindən daha zəif mövqedədir və bu, təkcə Kiyevin hərbi arenadakı uğursuzluqları ilə əlaqəli deyil. Eyni zamanda Ukrayna daxildən korrupsiya əməliyyatları, elitada yaranan mübahisələr və Böyük Britaniyadakı səfir Valeri Zalujnının prezidentliyə hazırlaşması ilə bağlı proseslər Volodimir Zelenskinin mövqelərini əlverişsiz edir”,-deyə A.Kərimov bildirib.
Ekspert qeyd edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna aviazərbə kampaniyasını genişləndirməsi növbəti danışıqlara qədər Kiyevdən əlavə pay qoparmaq üçün hərbi-taktiki gedişdir.
O həmçinin bildirib ki, danışıqların Əbu-Dabi raundu Rusiyanın Ukraynadan çox ABŞ ilə razılıq rejiminin əlamətlərini aydınlaşdırır:
“Kremllə Ağ Ev Ukrayna üzərindən qurduqları strategiya ilə bir-birlərinin maraqlarını nəzərə almağa çox yaxınlaşırlar, hərçənd ki, bu, ən yaxşı halda rəqabətin yumşaldılması kimi xarakterizə oluna bilər. Biznes sövdələşmələri isə Rusiya və ABŞ-nin missiyalarının geosiyasi bölgünü indeksləşdirməsinə yardım edən açardır. Ona görə də, Rusiya ilə ABŞ-nin post-müharibə dövrü Ukraynasından hansı mənfəət qazanmasını araşdırmaq faydalı olardı”.
Bununla belə, Kərimov bildirib ki, Tramp Putinlə əl sıxmağa meyilli olsa da, Ağ Ev strategiyası indi böyük bir ölçüdə Moskvanın maraqlarını tədrici dərəcədə sıxışdırır. Rusiya isə bunun cavabını Ukraynadakı ərazi nailiyyətləri və intensiv raket hücumları ilə verməyə çalışır. Lakin indi Rusiyadan çox, ABŞ strategiyası öndə görünür ki, bu da Rusiya daxilində “böhran siqnalı” yaradır.
Müsahibimizin qənaətincə, bu, Ukraynadakı müharibənin Kreml elitasında yaratdığı reaksiyaları daxili rəqabət müstəvisinə daşıyır:
“Deyərdim ki, bu mənada ABŞ Rusiyanı yenə üstələyir. Ancaq Rusiyanın da Ukraynadakı müharibə fonunda başqa regionlarda ABŞ ilə anlaşması geosiyasi riskləri və təhlükəsizlik dilemmalarını artırır. Bu, Kreml üçün fürsətdir, indi Moskva bunu Əbu-Dabidə bağlı qaplar arxasında şans kimi qiymətləndirir”.

Aqşin Kərimov: Rusiyanın mənalı kompromisə gedəcəyi üfüqdə görünmür
Siyasi tədqiqatçının fikrincə, unikal top isə ABŞ-nin meydanındadır, həm də ona görə ki, Vaşinqton Ukraynadakı və Rusiyadakı elitar daxili narazılıqlara fokuslanır:
“Bu amil ABŞ üçün həm Rusiya, həm də Ukraynada güclü kəşfiyyat əməliyyatları aparmaq imkanı verir. Yəqin buna görədir ki, Moskva Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin (QRU adı ilə tanınır) rəisi İqor Kostyukovu nümayəndə heyətinin başında Əbu-Dabiyə göndərdi. Bu, son illər QRU-nun əməliyyatlarda və daxili elitada iyerarxix tənəzzül yaşamasından sonra Kremlin bəzi dəyişikliklərinə işarə edir.
Bu, Vladimir Putinin QRU-nun fəaliyyətini gücləndirməyə üstünlük verdiyinin göstəricisidir. Ehtimal ki, Federal Təhlükəsizlik Xidməti (FSB) bu gedişdən məmnun qalmayacaq. Ən azından ona görə ki, Putin Ukraynada tammiqyaslı müharibəyə başlamazdan öncə FSB-nin kəşfiyyat məlumatlarına etibar etmişdi. İndi isə QRU ön plana çıxır və bu o deməkdir ki, Putin Ukraynadakı müharibə ilə əlaqədar Rusiya kəşfiyyat elitasında şiddətlənən rəqabətdə etibarlı balans axtarır. Putinin QRU-nu məhdud indeksdən çıxararaq ona Əbu-Dabi danışıqlarında muxtariyyət verməsi başqa bir səbəblə də əlaqədardır. QRU son zamanlar öz uğursuzluqlarını Avropada həyata keçirdiyi əməliyyatlarla kompensasiya edə bilib. Putin bunun “mükafatını” İqor Kostyukova verir. Görünür ki, Putin QRU-nun Ukrayna müharibəsinin arxasındakı kodekslərə və strateji alətlərə təsir göstərmək qabiliyyətinə də inam bəsləyir. ABŞ ilə Rusiyanın yaxınlaşması fonunda, hər iki tərəfin Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına alan oxşar informasiya əməliyyatları Vaşinqtonla Moskvanın yeni mərhələ üçün hazırlığını göstərir. Burada QRU-nun Putinə daha geniş hesabat verdiyi anlaşıla bilər”.
Həmsöhbətimizə görə, ancaq ümumilikdə ABŞ Rusiya daxilində baş verənlərdən xəbərdardır və onu həm ictimailəşdirir, həm də məxfi qrif altında saxlayan hesabatlara daxil edir. Rusiyanın kəşfiyyat icmaları arasındakı rəqabət dinamikası təhlükəsizlik boşluqlarını genişləndirir. Vaşinqton üçün həmin vakkuuma sızmaq fürsəti yaranır ki, Kreml bundan ehtiyatlanır. Başqa yandan Rusiyada kəşfiyyat subyektlərinin güclü siyasiləşməsi versiyasıdır ki, davam edən müharibə fonunda bu, Putin üçün daha təhlükəli situasiya yarada bilər.
A.Kərimova görə, Əbu-Dabi danışıqları bir hadisə kimi deyil, kompleks baxış bucağı tələb edən platformadır.
“Danışıqların nəticəsinə gəlincə, yekunda Rusiyanın mənalı kompromisə gedəcəyi üfüqdə görünmür. Rusiya və Ukrayna prezidentlərinin görüşü isə qaçılmazdır, təbii ki, tərəflərdən biri bəhanə gətirməsə”,-deyə oAqşin Kərimov fikrini yekunlaşdırıb.
Aydın Baxış