Ədalət Tahirzadənin yeni kitabı işıq üzü gördü 

29.01.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməyi (15.11.1919 - 01.01.1920)" kitabı işıq üzü görüb.  

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitaba Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci ildə qəbul etdikləri 298 qanun və normativ-hüquqi akt daxil edilib. Bu sənədlər 15.11.1919 - 01.01.1920 tarixləri arasında iki dildə - türkcə (əski ərəb qrafikasında) və rusca çıxmış “Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməyi” və “Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики” dərgilərinin 4 sayında toplanıb. 

Kitabı nəşrə hazırlayanlardan tarixçi, professor Ədalət Tahirzadə “Sherg.az”a danışıb:

“ Hazırda gənclər Cümhuriyyətin şanlı tarixini çətinliklə öyrənir, çünki o zaman nəşr edilmiş kitablar, dərgilər və qəzetlər həm nadir tapılır, həm də əski ərəb qrafikasında olduğuna görə onları oxumaq çox zəhmətlidir. Buna görə də o nəşrləri üzə çıxararaq, əski ərəb yazısındakıları çağdaş əlifbamıza çevirmək tarixçilərimizin borcudur. Cümhuriyyətdən bizə yadigar qalmış nadir nəşrlərdən biri iki dildə - türkcə və rusca çıxmış “Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməyi” (bundan sonra: “Məcmə”) və “Собрание узаконений и распоряжений правительства Азер¬байджанской Республики” (bundan sonra: “Собрание”) dərgiləridir. Bunlar Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti hökumətinın 1918-ci ildə qəbul etdikləri qanun və normativ-hüquqi aktların sistemli dərc edildiyi toplulardır. Hesab edirəm ki, bu kitab Azərbaycan Cümhuriyyəti dönəminin qanunvericilik bazasının öyrənilməsi, dövlət idarəçiliyinin strukturu və funksiyalarının müəyyənləşdirilməsi, mühakimə və hüquq sisteminin təhlili, iqtisadi-sosial proseslərin sənədlərlə izlənməsi baxımından birinci əldən qaynaqdır. Tərtibçilər əsəri öz məhdud maddi imkanları hesabına nəşr etdirdiklərindən kitab 100 nüsxə çıxdı. Bu səbəbdən satışda olmayacaq”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью