Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxud Ermənistandakı “pasport isterikası”nın cəfəngliyi
Ermənistanda pasportuna doğulduğu yerin “Azərbaycan” göstərilməsinə etiraz edən Qarabağ erməniləri ilə bağlı isterik durum yaranıb. Daha doğrusu, onların qopardıqları vay-şivənə ölkənin müxalif kəsiminin təmsilçiləri də qoşulublar. Böyük ehtimalla onlar müştərək hərəkətdədir və iddia edirlər ki, pasportlara “Azərbaycan” yox, “Artsax” yazılmalı imiş. Hərçənd diqqəti yönəltmək istədiyimiz məqam tamamilə bu deyil. Necə deyələr, “it hürər karvan keçər”. Amma…
Deməli, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən Qarabağdan köçmüş ermənilərə verilən yeni biometrik pasportlarda doğum yeri kimi “Azərbaycan Respublikası”nın göstərilməsinin səbəblərini izah edib. Nazirin açıqlamasının əsas məğzi ondan ibarət olub ki, bu qərar beynəlxalq standartlar, xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tələbləri nəzərə alınmaqla qəbul edilib. O deyib ki, ICAO pasportlarda doğum yerinin qeyd edilməsi üçün ölkənin, şəhərin və ya yaşayış məntəqəsinin göstərilməsinə imkan verilir.
Ermənistan isə sərhəd-keçid məntəqələrində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə yalnız ölkənin adını göstərmək variantını seçib. Sarkisyanın sözlərinə görə, Şuşa, Xankəndi, Ağdərə və digər yaşayış məntəqələrinin adlarını Qarabağ ermənilərinin istədikləri formada pasportlara yazmaq beynəlxalq standartlar baxımından mümkün deyil. Çünki ISO siyahısında coğrafi adlar beynəlxalq səviyyədə tanınmış adlandırmalarla əksini tapır, başqa dövlətlərin sərhəd xidmətləri pasportlarda beynəlxalq standartlara uyğun olmayan coğrafi adlarla qarşılaşdıqda çətinliklər yarada bilərlər.
Nazir fikrini əsaslandırarkən, 2025-ci ildə Uruqvay vətəndaşlarının pasportlarında doğum yeri məlumatının olmaması səbəbindən Almaniya və Fransa sərhədlərində problemlərlə üzləşmələrini nümunə göstərib. Sarkisyan onu da vurğulayıb ki, doğum yeri ilə bağlı məlumatın pasportda göstərilib-göstərilməməsi və hansı formada yazılması ayrı-ayrı şəxslərin istəyindən asılı deyil, dövlətin müəyyən etdiyi qaydalarla tənzimlənir.
Burada mühüm məqam Ermənistan hakimiyyətinin beynəlxalq standartlarla bağlı izahının mübahisəli xarakteridir. Məsələ ondadır ki, ICAO-nun 9303 saylı sənədi pasportda doğum yerinin mütləq göstərilməsini tələb etmir. Həmin standart doğum yerinin şəhər, qəsəbə və ya ölkə formasında qeyd edilməsinə imkan verir.
Habelə doğum yerinin məhz ölkə kimi göstərilməsinin məcburiliyi beynəlxalq standartlardan deyil, Ermənistanın 11 may 2026-cı il tarixdə qəbul etdiyi yeni “Şəxsiyyəti təsdiq edən sənədlər haqqında” qanundan irəli gəlir. Əvvəlki qanunvericilikdə şəxsin istəyinə əsasən doğulduğu şəhərin və ya kəndin göstərilməsi mümkün idi.
Sarkisyan onu da bildirib ki, Qarabağdan köçmüş təxminən 50 min erməni Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib və vətəndaşlıq əldə edib. O, köçkünlüyün özlüyündə Ermənistan vətəndaşlığı yaratmadığını, vətəndaşlıq almayan şəxslərin isə dövlətin müvəqqəti müdafiəsi altında olduğunu xatırladıb.
Belə nəticəyə gəlmək olar ki, nazir Sarkisyanın beynəlxalq standartlara istinadı, müəyyən mənada, yanlış istiqamətləndirici izahdır. Yəni başlıca məqam Ermənistan hakimiyyətinin özünün iradəsidir, beynəlxalq standartın tələbi yox. O iradə ki, haqqında söz açdığımız 11 may 2026-cı il tarixli qanunda öz əksini tapıb. Görəsən, belə bir qanunun qəbuluna, daha doğrusu, qanunun tələbi kimi şəxsiyyət vəsiqələrində doğum yerinin sırf ölkə kimi göstərilməsi mütləqliyinə nə ehtiyac var idi? Ümumiyyətlə, belə bir dəyişikliyə ehtiyac var idimi?
Əlbəttə, Ermənistanın daxili işlərinə qarışmaq kimi niyyətimiz yoxdur. Üstəlik, ölkəmizin biometrik şəxsiyyət vəsiqələrində də vətəndaşın doğulduğu yer adı kimi yalnız “Azərbaycan” qeydi var. Amma Ermənistandakı hazırkı müzakirələrə diqqət yetirəndə, istər-istəməz, düşünürsən. Məsələn, düşünürsən ki, Ermənistanın yeni biometrik şəxsiyyət vəsiqələrində və pasportda doğum yeri kimi yalnız ölkənin adının göstərilməsi, yəni eyni zamanda, qəsəbə, kənd və şəhər adlarının yer almaması məqsədli xarakter daşıyıb.
İş ondadır ki, hay hökuməti, hər bir halda, Qarabağ ermənilərinə sənəd verməli idi. Əgər əvvəlki qayda ilə gedilsəydi, onların doğum yeri qismində məsələn, “Azərbaycan, Xankəndi”, yaxud “Azərbaycan, Ağdərə” göstəriləcəkdi. Daha doğrusu, göstərilməli idi. Bir halda ki, nazir Sarkisyan arqument olaraq onların doğulduqları Şuşa, Xankəndi, Ağdərə kimi yaşayış məntəqələrinin qondarma adlarının pasportlara daxil edilməsinin mümkünsüzlüyünü vurğulayır, mahiyyət məhz belədir. Ortaya isə nəticə çıxır: “Artsax” yoxdursa, pasportlarda “Azərbaycan, Xankəndi”, yaxud “Azərbaycan, Ağdərə” də olmamalıdır. Üstəlik, doğum yeri kimi, “Ermənistan, Gümrü” və ya “Ermənistan, Razdan” da yığışdırılmalıdır.
Sonda bir məqamın üzərində dayanmağı vacib sayırıq. Söhbət sırf Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanın diqqətə çatdırdığımız əsaslandırmasından gedir. Məsələ ondadır ki, ölkədə yalnız Baş nazir Nikol Paşinyanın reallığı vurğuladığının şahidiyik. Yəni sanki Ermənistanda Qarabağ avantürasına qarşı çıxan yalnız odur. Digər məmurlar isə, necə deyərlər, əllərini daşın altına qoymaq istəmirlər.
Tutalım A.Sarkisyan açıq şəkildə deyə bilərdi ki, Qarabağ ermənilərinin təfərrüatlarını vurğuladığımız etirazları, o cümlədən onları ortaya atanların dilə gətirdikləri fikirlər özündə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd mahiyyəti daşıyır. Yəni nazir sırf bu məqamı qabardıb etirazçı başıpozuqların qabağına çıxmalı idi. Amma bunu etmədi. Ən böyük sual isə budur: məntəqələrin adlarını Qarabağ ermənilərinin istədikləri formada pasportlara yazmaq beynəlxalq standartlar baxımından mümkün olsaydı, qeyd ediləcəkdi?
Əvəz RÜSTƏMOV
XQ