Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Moris Düverje doğru deyib: "Ədalətin olmadığı yerdə hər kəs günahkardır".
Deməli, yalnız ədalətin olduğu yerdə kimin günahkar, kimin günahsız olduğunu ayırd edə bilərsən.
Dünən başqalarını xəyanətdə günahlandıranların indi özləri bu ittihama "qonaq edilir".
Əvvəllər də dediyim kimi: hər şey o qədər qarışıqdır, hər kəs o qədər "bulaşıq"dır ki!
O üzdən ictimai kələflər sanki heç vaxt açılmayacaq qədər dolaşıqdır!
Üstəlik, baxırsan, biriləri azadlıqdan məhrum olunan kimi, başqa biriləri dərhal adamlıqdan məhrum olur: nə zəhərləri varsa, anındaca qusur.
Dünənə qədər başına and içdiklərinin boğazını "üzmək" növbəsinə düzülüb girəvə qovalayır. Olsun, bir söz demirəm.
Mən, heç kimə görə yox, Əlahəzrət ƏDALƏT üçün narahatam. Axı ƏDALƏT dediyin nəsnə kampaniyaçılığın basabasında əzilib xurd-xəşil edilir!