Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı bəyanatında bu səfərin tarixi səfər olduğunu bildirib.
Həmçinin qeyd edib ki, bu səfər iki ölkə arasındakı ikitərəfli münasibətlərin tarixində ilkdir.
Dövlət başçısı səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağına əmin olduğunu vurğulayıb.
Ölkə başçısı həmkarı ilə görüşü zamanı qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri müzakirə etdiklərini və müzakirələrin nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdiriləcəyini diqqətə çatdırıb.
Dövlət başçısı bəyanatında həmçinin regionlarda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdiklərini, iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyin, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyi bir daha vurğuladıqlarını bildirib.Ölkə başçısı 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə həmkarına məlumat verdiyini bildirib.
“Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir”,- deyən ölkə başçısı Bakıda imzalanmış bütün razılaşmaların həyata keçiriləcəyini və münasibətlərimizin daha yüksək səviyyəyə qaldıracağına əmin olduğunu bildirib.