Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və fəaliyyətinin təşkili barədə fərman imzalayıb. Fərman çərçivəsində Nazirlər Kabineti və Maliyyə Nazirliyi Sistemin formalaşdırılması, aparılması və təkmilləşdirilməsi üçün zəruri tədbirləri görəcək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə məlumatların “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək.
Eyni zamanda, dövlət qurumları ilə birgə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması və reyestrə daxil edilməsi üzrə üç ay ərzində tədbirlər görüləcək və dövlət başçısına hesabat təqdim olunacaq.
İqtisadçı Eldəniz Əmirov “Sherg.az”a açıqlamasında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamənin həcmcə böyük, məzmunca olduqca strateji olduğunu bildirib.
İqtisadçı hesab edir ki, kənar maneələr və təzyiqlər olmazsa, bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasının dəyişə bilər:
“Əvvəla qeyd edim ki, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və bu sistemlə əlaqəli nə varsa, hamısı vahid rəqəmsal platformada toplanır.
Sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır. Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur. Eyni zamanda güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur. Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır.
Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir.
Məsələnin ən vacib tərəfi isə budur ki, bu Əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir.
Əlqərəz, kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər. Söhbət kosmetik yox, köklü dəyişikliklərdən gedir . Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var”.