Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda ölümlə nəticələnən kütləvi dava ətrafında yaranan müzakirələr davam edir. Belə ki, hadisə zamanı “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Ceyhun Mirağayevin öldürülməsi ilə bağlı saxlanılan şəxslər arasında Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də olub. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Cəmiyyətdə ciddi rezonans doğuran hadisə isə təkcə baş verən ölüm faktı ilə deyil, saxlanılan şəxslərdən birinin deputat ailəsinin üzvü olması ilə də diqqət çəkir. Hadisədən sonra deputatın ictimai məsuliyyəti və belə bir insidentin onun siyasi fəaliyyətinə mümkün təsirləri müzakirə mövzusuna çevrilib.
Bununla belə, hüquqi baxımdan deputatın ailə üzvünün törətməkdə ittiham olunduğu əməllərə görə onun özünün məsuliyyət daşıyıb-daşımaması ayrıca qiymətləndirilməlidir.
İnsidentdən iki gündən artıq vaxt keçməsinə baxmayaraq, Arzuxan Əlizadə məsələ ilə bağlı hələlik ictimaiyyətə açıqlama verməyib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini olan deputatın susqunluğu da əlavə müzakirə mövzusu olub. Bəziləri onun deputat mandatını təhvil verməli olduğunu bildirirlər.
Bəs, deputatın oğlunun ölüm hadisəsi ilə nəticələnən davaya görə həbs olunması A. Əlizadənin mandatını itirməsi üçün hüquqi əsas yaradırmı?
Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı "AzPolitika"ya şərhində buna aydınlıq gətirib.
Hüquqşünas bildirib ki, deputatın oğlunun cinayət hadisəsinə görə saxlanılması onun mandatdan məhrum edilməsi üçün hüquqi əsas deyil.
Onun sözlərinə görə, deputat yalnız özü cinayət törətdiyi halda və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından məhrum edilə bilər: “Deputat bu hala görə, əlbəttə ki, mandatından məhrum edilə bilməz. Özü könüllü şəkildə istəyərsə, mandatından imtina edə bilər. Belə deyək ki, deputat yalnız cinayət törətdikdə, o da məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra mandatından məhrum edilə bilər. Oğlunun məsələsinə görə deputat mandatından məhrum edilə bilməz”.
Ə.Həsənov vurğulayıb ki, demokratik ölkələrdə belə hadisələrdən sonra deputatlar ictimai qınaq qarşısında istefa verə və ya növbəti seçkilərdə seçicilərin dəstəyini itirə bilərlər.
Qeyd edək ki, Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisinin deputatı 7 halda mandatından məhrum edilir. Bunlar aşağıdakılardır:
- Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
- Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
- Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
- Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
- Özü imtina etdikdə;
- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
E. Bəyməmmədli
"AzPolitika.info"