Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əmək qanunvericiliyi işçiyə müəyyən kompensasiya hüququ verir. İşçinin qanunsuz olaraq işdən azad edilməsi halında işəgötürən ona əməkhaqqının ödənilməsi, məhkəmənin qərarı ilə müəyyən edilmiş kompensasiya və ya əmək müqaviləsində nəzərdə tutulmuş digər ödənişləri təmin etməlidir”.
Bunları Newscenter.az-a deyən hüquqşünas Əli İbrahimov bildirib ki, kompensasiya məbləği işçinin iş stajına, əməkhaqqına və qanunda müəyyən edilmiş minimal hüquqlara əsasən hesablanır:
“İşçi bu hüquqlarını tələb etmək üçün dövlət əmək müfəttişliyinə müraciət edə, qanunsuz işdən çıxarılmanın ləğvini və kompensasiyanın ödənilməsini məhkəmədə tələb edə bilər”.
Əli İbrahimov qeyd edib ki, hüquqi qiymətləndirmə baxımından, işçinin xəbərdarlıq edilmədən və kompensasiyasız işdən çıxarılması həm qanunsuzdur, həm də etik baxımdan problem yaradır:
“Bu cür hallar əmək münasibətlərində ədalətin pozulması və işçinin sosial müdafiəsinin zəifləməsi deməkdir. İşçilərin öz hüquqlarını qanun çərçivəsində tələb etməsi, işəgötürənin qanunvericiliyə riayət etməsi isə əmək münasibətlərində sabitliyin və ədalətin qorunması üçün zəruridir. İşəgötürən yalnız qanunda göstərilmiş prosedurlar əsasında işdən azad etmə həyata keçirə bilər, hər hansı xəbərdarlıq edilmədən və kompensasiyasız azad etmə halları əmək qanunvericiliyinin ciddi pozulmasıdır və məhkəmə və dövlət orqanları tərəfindən hüquqi müdaxilə tələb edir”.
Süleyman