Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi əməyin mühafizəsi qaydalarının pozulması hesab olunacaq.
Sözügedən dəyişikliyi Oxu.Az-a şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, qanunvericiliklə əmək mühafizəsi qaydalarını pozma cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyət yaradaraq, İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, inzibati xəta hesab edilir və inzibati qaydada tənbeh nəzərdə tutulur: "Bu günə qədər əməyin mühafizəsi qaydalarının pozulması beş əməldə ehtiva olunurdu: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsi, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsi və ən nəhayət, normal əmək və istirahət rejiminə riayət edilməməsi.
İXM-in 198.1.5-ci maddəsinə təklif edilən dəyişikliklə, sonuncu müddəada nəzərdə tutulur ki, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə də inzibati məsuliyyət müəyyən olunsun".
Deputat bildirib ki, yeni müddəaya görə, xüsusi sanksiya müəyyən edilmir və əməyin mühafizəsi qaydalarının pozulmasının digər hallarında olduğu kimi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə də beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bu dəyişikliyə qədər işçinin iş vaxtından artıq işlədilməsinin əmək hüquqlarının pozulması anlamına gəlib-gəlməməsi ilə bağlı məqama aydınlıq gətirən deputat deyib ki, qanunvericiliyin əvvəlki versiyasında normal əmək və istirahət rejiminə riayət edilməməsi inzibati pozuntu hesab edilirdi və bu, eyni zamanda işçinin iş vaxtından artıq işlərə cəlb edilməsini də əhatələyirdi: "Lakin İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə təklif edilən dəyişikliyin hüquqi müəyyənliyin təmin edilməsi və daha konkret yanaşma olması baxımından effektivliyi şübhə doğurmur.
Bu mənada qanunun müvafiq maddəsinin yeni redaksiyada verilməsi mütərəqqi addım kimi səciyyələndirilməlidir".
İşçinin iş saatından artıq işlədilməsinə nəzarət məsələsinə gəlincə, bu barədə Oxu.Az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri, əmək məsələləri üzrə ekspert Sahib Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2015-ci ildən bəri sahibkarlıq subyektlərində yoxlamalar apara bilmir: "Bu baxımdan, dövlət xidmətinin işəgötürənin işçini iş saatından artıq işlətməsini müəyyənləşdirməsi çox da asan olmayacaq.