Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”suna qarşı keçirilən oyundan (2:4) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Matçın əvvəlində 8-ci dəqiqədə 2:0 hesabı ilə önə keçsəniz də, sonradan hər şey tam dəyişdi. Nə baş verdi, “Neftçi” niyə bu cür acı məğlubiyyətlə üzləşdi?
- Neçənci dəfədir belə halla üzləşirik. Oyuna yaxşı başlayırıq. Sonra bilmirəm nə baş verir, boşaluq yaradırıq, ya arxayınlaşırıq, oyunu tam itiririk. Azarkeşlərimiz möhtəşəm idilər. Bizə əla dəstək versələr də, onları məyus etdik. Buna görə azarkeşlərdən üzr istəyirəm. Vəziyyəti dəyişmək üçün qol epizodlarımız var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. İnşallah, ikinci oyunda nəticəni xeyrimizə dəyişəcəyik.
- Oyunun qırılma nöqtəsi nə oldu?
- 2:0-dan sonra çox arxayın oynadıq. Elə bildik ki, artıq matçın taleyi həll olunub. Söz tapmaq olmur... Artıq neçənci dəfədir ki, 2:0 önə keçdikdən sonra üçüncü qolu vura bilmirik, əvəzində isə rəqib geridönüş edir. İkinci matça fokuslanmalıyıq. Hələ heç nə bitməyib.
- Müdafiədə bu qədər səhvlərin olmasının səbəbi nədir?
- Məncə, biz 2:0-dan sonra çox rahat olduq. Elə bildik ki, 90 dəqiqə belə rahat gedəcək. Yekunda da bunun əziyyətini çəkdik.
- Cavab matçında uğur qazanmaq üçün ilk növbədə nəyi dəyişmək lazımdır?
- İstədiyimiz nəticəni qazanmaq üçün birinci növbədə müdafiədə diqqətli olmalıyıq. Matça tam köklənməliyik. Həmçinin qol epizodlarından daha yaxşı faydalanmalıyıq. “Dinamo” geridönüş etdi. Onları təbrik edirəm. Biz isə başımızı aşağı salmalı deyilik. Cavab matçında lazımi nəticəni qazanmalıyıq. Azarkeşlərə borcumuz var.
- Mərhələ adlayacağınıza inamınız qalıb?
- Əlbəttə, inam var. Oyundan sonra azarkeşlərlə də qısa söhbətimiz oldu. Onlar da bizə inamlarını bildirdilər. Bu inamı meydanda göstərməliyik.
- Yeri gəlmişkən, matçdan sonra Rza Cəfərovla azarkeşlər arasında narazılıq yaşandı. Həmin anda nə baş vermişdi?
- Olur belə hallar. Komanda uduzanda məyusluq yaşanır. Amma elə orada da həll etdik, problem yoxdur.