GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni sənədlər toplusu göstərir ki, Epşteyn Rusiya milyarderləri, onların beynəlxalq forumlardakı iştirakı və sanksiyalarla bağlı media materiallarını toplayıb və öyrənib. Sənədlərdə rusiyalı iri iş adamlarının adları əsasən Davos Dünya İqtisadi Forumu və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçı siyahıları kontekstində çəkilir. Söhbət 26–30 yanvar 2011 və 23–27 yanvar 2013-cü illərdə Davosda keçirilən forumlardan, həmçinin 18–20 iyun 2015-ci il tarixli Sankt-Peterburq forumundan gedir. Bu siyahılarda Vahid Ələkbərov, Aleksey Mordaşov, Leonid Mixelson, Vladimir Lisin, Gennadi Timçenko və Alişer Usmanovun adları yer alır.
Globalinfo.az xəbər verir ki, bu barədə RBC nəşri yazıb.
Epşteynin elektron poçtuna rusiyalı biznesmenlər haqqında media icmalları da göndərilib. Həmçinin Epşteynə Pavel Durovun 4 dekabr 2011-ci il Dövlət Duması seçkilərindən sonra “VKontakte”də bəzi qrupları bloklamaqdan imtina etməsi ilə bağlı yazılar da atılıb.
“Epşteyn faylları”nda ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı dərc olunmuş məqalələrin müzakirəsi də yer alır. Sənədlərdə ABŞ-ın keçmiş maliyyə naziri və Dünya Bankının sabiq baş iqtisadçısı Lourens Sammersin Epşteynə göndərdiyi məktublar da var. Həmin yazışmalarda Sammers hüquqşünas Nil Volinlə ABŞ-ın “təsadüfi xarici şəxslərin pullarını dondurması” mövzusunu müzakirə edir.
Epşteynin özü də 2018-ci ildə ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennona mesaj göndərərək Süleyman Kərimovun Fransada hüquq-mühafizə orqanları ilə problemlərindən bəhs edib. Həmin dövrdə Kərimov vergi iddiaları ilə əlaqədar Fransada ev dustaqlığında idi, lakin sonradan ittihamlar götürülüb və o azadlığa buraxılıb. Sənədlərdə iş adamı Roman Abramoviç və onun keçmiş həyat yoldaşı Darya Jukovanın adı da xeyli hallanır. Epşteynin yazışmalarında onların 2016-cı ildə Epşteynə məxsus evə gəlib baxdıqları və sonuncunun bu satışdan imtina etdiyi qeyd olunur.
Xatırladaq ki, Ceffri Epşteyn 2008-ci ildə azyaşlını fahişəliyə cəlb etmə ittihamını etiraf edərək məhkum olunub. 2019-cu ildə isə insan alveri və fahişəliyə cəlbetmə ittihamları ilə yenidən həbs edilib, məhkəmə qərarını gözləyərkən həyatına son qoyub. ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı materialları mərhələli şəkildə ictimaiyyətə açıqlayır. Yanvarın 30-da daha 3 milyon səhifə sənəd, 2 mindən çox video və 180 min şəkil yayımlanıb.
Əliyar Xəlil