Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Kanadanın Baş naziri Mark Karni Davosda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Masada deyiliksə, menyudayıq” ifadəsini dilə gətirərək xəbərdarlıq edib. Karni köhnə qaydalara əsaslanan beynəlxalq nizamın artıq dağıldığını, hazırda baş verənlərin keçid yox qırılma nöqtəsi olduğunu və nostalgiya yaşamağın, yas tutmağın mənasının olmadığını bildirib.
Baş nazirin sözləri ABŞ Prezidenti Donald Trampın və bir sıra dünya liderlərinin də iştirakı “Sülh Şurası Nizamnaməsi”nin imzalanması fonunda diqqət çəkib.
Sözügedən sənədinin imzalanmasına köhnə nizamın dağılması mərasimi kimi baxıla bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, əslində Mark Karni Davosda səsləndirdiyi “əgər masada deyiliksə, menyudayıq” ifadəsi ilə sadəcə ritorik bir sitat gətirmədi, o, beynəlxalq sistemin keçdiyi mərhələyə çox sərt və ayıq bir diaqnoz qoydu:
“Kanadalı baş nazir Prezident Ərdoğanın məşhur kəlamını xatırladaraq demək istədi ki, artıq beynəlxalq münasibətlərdə neytral qalmaq, prosesləri kənardan izləmək, yaxud “qaydalar bizi qoruyar” illüziyası ilə yaşamaq mümkün deyil. Yəni bir sözlə desək, qlobal nizam dəyişmir, o, qırılır.
Diqqət etmisinizsə, Karni xüsusilə vacib bir fərqi vurğuladı – “bu, tədrici keçid deyil, struktur sarsıntısıdır”. Yəni 1990-cı illərdən bəri mövcud olan “qaydalara əsaslanan beynəlxalq nizam”ın təkamülü ilə yox, onun funksional iflası ilə üz-üzəyik. Məsələn, ABŞ-ın öz maraqlarını daha açıq və birtərəfli şəkildə irəli sürməsi, Avropa İttifaqının (Aİ) strateji subyekt deyil, reaktiv obyektə çevrilməsi, beynəlxalq hüququn selektiv tətbiqi və təhlükəsizlik mexanizmlərinin – daha açıq desək, bildiyimiz BMT-dən tutmuş ATƏT-ə qədər – real təsir gücünü itirməsi bu qırılmanın əsas əlamətləridir.
Belə bir reallıq fonunda baş nazir “nostalgiya ilə məşğul olmağın” təhlükəli olduğunu deyərkən, əslində Qərb elitalarını illərlə özlərini aldatdıqları rahat zonanı tərk etməyə çağırırdı.
Bu baxımdan, Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması sıradan diplomatik hadisə kimi yox, köhnə beynəlxalq nizamın simvolik vida mərasimi kimi də oxuna bilər. Sənədin mahiyyəti təkcə sülh təşəbbüslərinin institusionallaşdırılması deyil, həm də mövcud mexanizmlərin – məsələn, BMT Təhlükəsizlik Şurasının və klassik kollektiv təhlükəsizlik modellərinin – real münaqişələri idarə etməkdə aciz qaldığını dolayısı ilə etiraf edir. Bir sözlə, yeni platformaların yaradılması köhnələrin işləmədiyini səssiz şəkildə təsdiqləyir”.
Elnur Ənvəroğlu
Siyasi şərhçi bildirib ki, Karninin mesajının mərkəzində duran əsas məsələ gücün yenidən paylanmasıdır:
“Qaydalar artıq gücü tənzimləmir. Əksinə, güc qaydaları diktə edir. Hətta Prezident İlham Əliyev də çıxışlarında bu barədə vurğulayıb. Ukrayna müharibəsi, Yaxın Şərqdə nəzarətdən çıxan eskalasiya, Qırmızı dəniz və Tayvan ətrafında artan gərginlik göstərir ki, beynəlxalq hüquq yalnız onu tətbiq edə bilən aktorun olduğu yerdə yaşayır. Digər hallarda isə kağız üzərində qalır. “Masada olmaq” ifadəsi məhz bunu nəzərdə tutur: qərarların qəbul edildiyi məkanda yerin yoxdursa, qərarın obyektinə çevrilirsən.
Fikrimcə, Kanada kimi orta güclər üçün bu xəbərdarlıq xüsusilə əhəmiyyətlidir. Karni əslində təkcə Ottavaya yox, bütün “siesta rejiminə qalmış Qərb”ə mesaj verirdi. Yəni təhlükəsizlik zəmanətləri avtomatik deyil, iqtisadi və hərbi çəkisi olmayan dövlətlər isə yeni dünyada sürətlə marjinallaşmaya məruz qala bilər. Bu, həm də Avropa üçün bir güzgüdür. Brüssel hələ də normativ güc anlayışına sığınıb, amma həqiqət budur ki, real güc alətləri olmadan bu anlayış getdikcə boş şüara çevrilir.
Qısası, “Sülh Şurasının Nizamnaməsi”ni köhnə nizamın dəfn mərasimi kimi qəbul etmək müəyyən mənada haqlıdır. Amma bu, sükutla keçirilən bir mərasimdir. Heç kim açıq şəkildə “beynəlxalq nizam öldü” demir, lakin hamı onun artıq işləmədiyini bilir. Karni də məhz bunu açıq dillə ifadə edən nadir liderlərdən biri oldu”.
Turan Rzayev
Globalinfo.az