Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov bu dəfə də qəribə açıqlama ilə gündəmə gəlib.
Xatırlayırsızsa, komitənin sonuncu iclasında “Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə Masazır təmsilçisinə xəbərdarlıq edildi.
Məsələyə münasibət bildirməsi üçün Erkin bəyə müraciət edən “İdmanxeber.az”ın əməkdaşı Həsən Quluzadə qarşı tərəfdən görün hansı cavabı eşidib:
“Stadiona suyun buraxılmaması araşdırıldı. İddialar doğru deyil. Qapağı açılmaq şərti ilə azarkeşlər suyu stadiona keçirməlidi və belə də olub. Heç kimin əlindən suyu alınmayıb. Kluba xəbərdarlıq bunun üçün edilib ki, başqalarına da mesaj olsun. Çünki bu qərarlara başqa klublar da baxır. Onlarda da bənzər problem varsa, aradan qaldıracaqlar. O ki qaldı qida məhsullarının stadiona buraxılmamasına, bu artıq klubun daxili məsələsidi. Hər klubun öz əsasnaməsi var. Avropada da belə hallar olur. Klublar bəzən qida məhsullarını stadiona buraxmır. İstəyən tətbiq edir, istəməyən yox”.
...Həqiqətən də, qulaq gündə bir söz eşitməsə, kar olar. Futbolumuzun belə idarə edilməsinə dözmək üçün kaş nəinki kar, həm də lal olaydıq!
KƏNAN BAHADIR