Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra yeni qanunverici orqanın formalaşdırılması prosesi davam edir. Müxalifətin seçkinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) etdiyi müraciətlər hələ tam yekunlaşmasa da, artıq yeni parlamentin ilk iclasının keçiriləcəyi tarix və rəhbər vəzifələrlə bağlı əsas qərarlar açıqlanmağa başlayıb.
“Hraparak” qəzetinin yaydığı məlumata görə, Milli Assambleyanın yeni çağırış üzrə ilk iclasının avqustun 3-də keçirilməsi nəzərdə tutulub. Parlament ənənəyə uyğun olaraq yaşca ən böyük deputat olan Knyaz Həsənovun sədrliyi ilə fəaliyyətə başlayacaq. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın kürd icmasını təmsil edən 81 yaşlı Həsənov milli azlıqlar üçün ayrılmış kvota üzrə yenidən deputat seçilib. O, hakim “Mülki müqavilə” partiyasını təmsil edir və bundan əvvəl də (2017, 2018 və 2021-ci illərdə) deputat seçilib.
Reqlamentə əsasən, yeni çağırış parlamentin ilk iclasında ölkə prezidenti və bütün ermənilərin katolikosu da iştirak etməlidir. Lakin mətbuatda yayılan məlumatlara görə, hakimiyyət Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini iclasa dəvət etməyi planlaşdırmır. Bu qərar hökumətlə kilsə arasında son aylarda daha da dərinləşən qarşıdurmanın növbəti göstəricisi kimi qiymətləndirilir.
Yeni parlamentdə mandat bölgüsü də artıq məlumdur. “Mülki müqavilə” 64 mandat qazanaraq parlament çoxluğunu qoruyub saxlayıb. “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib. Beləliklə, hakim qüvvə parlament çoxluğunu qoruyub saxlayıb, amma Konstitusiyaya təkbaşına dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu təmin edə bilməyib. Seçkilərdə iştirak edən “Çiçəklənən Ermənistan” partiyası isə 58 min 287 səs toplayaraq 3,98 faiz nəticə göstərib və qanunla müəyyən edilmiş 4 faizlik baryeri cüzi fərqlə keçə bilməyib.
Bu arada parlament rəhbərliyi ilə bağlı da hakim partiya daxilində seçim yekunlaşıb. “Mülki müqaviləsi” partiyasının idarə heyəti gizli səsvermə yolu ilə hazırkı vitse-spiker Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizədliyini irəli sürüb. “Armenpress”in məlumatına görə, Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, sədr seçiləcəyi təqdirdə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsini davam etdirməyəcək: “Əgər parlament sədri seçilsəm, Türkiyə ilə danışıqları davam etdirməyəcəyəm. Bununla da müxalifətin mənim məhz danışıqları davam etdirmək üçün bu vəzifəyə irəli sürüldüyüm barədə iddiaları puça çıxmış olacaq. Müxaliflər bu mövzuda konspirasiya nəzəriyyələri səsləndirirlər. Onların təxminən 90 faizi dərhal öz əhəmiyyətini itirəcək”.
Xüsusi nümayəndə vəzifəsində onu kimin əvəz edə biləcəyi ilə bağlı suala cavabında Rubinyan qeyd edib ki, bu məsələ hələ gündəmə gətirilməyib: “Hələlik bu posta kimin təyin olunacağı müəyyənləşməyib. Təbii ki, qərarı baş nazir və hökumət verəcək”. Hazırkı parlament sədri Alen Simonyanın bu vəzifəyə təyin oluna biləcəyi ehtimalına münasibət bildirən Rubinyan bunu real variant hesab etmədiyini söyləyib.
Spiker postu ətrafında başqa müzakirələr də yaşanıb. Mətbuatın yazdığına görə, bir müddət əvvəl parlament sədri postuna əsas namizədlərdən biri hesab olunan, ABŞ-dakı keçmiş səfir, hazırda isə Paşinyanın baş müşaviri olan Lilit Makunts bu vəzifədən imtina edib. Bildirilir ki, partiya daxilində onun namizədliyinə ciddi etirazlar yaranıb. Bir çox deputatlar uzun illər parlamentdə fəaliyyət göstərdikləri halda, ölkəyə yeni qayıdan Makuntsun bu posta gətirilməsini düzgün hesab etməyiblər. Nəticədə Makunts hökumətdə qalmağa üstünlük verib.
Hakim partiya parlament fraksiyasının rəhbəri postuna isə Arusyak Manavazyanın namizədliyini təsdiqləyib. Ermənistan mətbuatında onun əsasən baş nazirin siyasi kursunu parlament fraksiyasında həyata keçirəcək fiqur kimi qiymətləndirildiyi qeyd olunur.
Baş nazir Paşinyan isə son günlər yayılan daxili siyasi iddialara münasibət bildirib. O, keçmiş həyat yoldaşı Anna Akopyanın parlamentin keçmiş sədri Alen Simonyanın vəzifədən uzaqlaşdırılmasına təsir göstərməsi barədə iddiaları qəti şəkildə təkzib edib. “Anna Akopyanın siyasi proseslərdə heç bir iştirakı və rolu yoxdur”, – deyə Paşinyan vurğulayıb.
Jurnalistlərin onu avtoritar idarəçilikdə ittiham edən sualına cavab verən baş nazir onu da bildirib ki, mətbuat nümayəndələrinin sərbəst şəkildə ona istənilən sualı verməsi ölkədə vəziyyətin ən yaxşı göstəricilərindən biridir.
* * *
Beləliklə, yeni parlamentin formalaşdırılması prosesi göstərir ki, Ermənistanda seçkilər başa çatsa da, siyasi mübarizə hələ yekunlaşmayıb. Hakim “Mülki müqavilə” parlament çoxluğunu qoruyub saxladı, amma əvvəlki illərlə müqayisədə manevr imkanları müəyyən qədər məhdudlaşıb. Konstitusion çoxluğun itirilməsi o deməkdir ki, ən mühüm qərarlar üçün artıq təkbaşına hərəkət etmək əvvəlki qədər asan olmayacaq.
Diqqətçəkən məqamlardan biri də odur ki, Paşinyan komandasında ciddi kadr dəyişiklikləri baş verir. Alen Simonyanın parlament sədrliyindən kənarda qalması, Ruben Rubinyanın ön plana çıxması, Lilit Makuntsun isə bu vəzifədən imtina etməsi göstərir ki, hakimiyyət daxilində yeni qüvvələr nisbəti formalaşdırılır. Bu dəyişikliklər zahirən adi rotasiya təsiri bağışlasa da, əslində Paşinyanın növbəti siyasi mərhələ üçün komandasını yenidən qurmağa çalışdığını göstərir.
Rubinyanın sədr seçiləcəyi halda Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndə postundan ayrılması da təsadüfi qərar deyil. Bu, Ankara ilə dialoqun yeni mərhələyə keçəcəyindən və danışıqlar prosesində başqa fiqurun ön plana çıxacağından xəbər verə bilər. Kimliyindən asılı olmayaraq, yeni nümayəndənin Paşinyanın siyasi xəttindən kənara çıxacağı gözlənilmir.
Hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında münasibətlərin gərgin qalması isə yeni parlamentin ilk günlərindən diqqət mərkəzində olacaq. Katolikosun ilk iclasa dəvət edilməyəcəyi barədə məlumatlar təsdiqini tapsa, bu, tərəflər arasındakı qarşıdurmanın hələ də davam etdiyini göstərəcək. Bu münasibətlər artıq təkcə dini müstəvidə deyil, siyasi gündəliyin də mühüm hissəsinə çevrilib.
Müxalifətin KM-ə müraciət etməsi seçki nəticələrini dəyişəcək addım kimi görünmür. Daha çox seçkiyə etirazın hüquqi və siyasi müstəvidə davam etdirilməsi məqsədi daşıyır. Mövcud parlament bölgüsü hakimiyyətin əsas üstünlüyünü saxladığını göstərsə də, əvvəlki illərdə olduğu kimi, tam rahat fəaliyyət göstərə biləcəyini söyləmək çətindir. Qarşıdakı aylarda parlamentdə əsas müzakirələr təkcə daxili siyasi məsələlər ətrafında olmayacaq. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri, Avropa İttifaqı ilə yaxınlaşma siyasəti, eləcə də Rusiya ilə münasibətlər yeni parlamentin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edəcək. Bu baxımdan avqustun 3-də keçiriləcək ilk iclas sadəcə yeni çağırışın başlanğıcı deyil, həm də Paşinyan hakimiyyətinin növbəti mərhələsinin necə idarə olunacağına dair ilk siqnalları verəcək.
S.NAZİMOĞLU
XQ