Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Daşkəndli Aşıq Nəcəfin qətli daşnak quldurların tarixi üzqaralığıdır
Xalqımızın əsrlər boyu yaşatdığı mənəvi sərvətlərdən biri olan aşıq sənətinin zaman-zaman xalqın sevincini, kədərini, məhəbbətini, həsrətini və taleyin ağır sınaqlarını öz yaradıcılıqlarında əks etdirən çox ünlü ustad sənətkarları olub. Onlardan biri də Göyçə aşıq mühitinin ünlü simalarından olan Daşkəndli Aşıq Nəcəfdir.
Daşkəndli Aşıq Nəcəf – Nəcəf Allahverdi oğlu Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlib. Onun doğum tarixi ilə bağlı mənbələrdə fərqli məlumatlar var. İndiyədək bəzi mənbələrdə onun 1860, bəzilərində isə 1876-cı ildə doğulduğu göstərilirdi. Tədqiqatçı Nazir Əhmədlinin bu il işıq üzü görmüş “Azərbaycan aşıqları və el şairləri” kitabında isə arxiv materialı əsasında Aşıq Nəcəfin doğum tarixinin 1867-ci il olduğu sübuta yetirilib.
Azərbaycan aşıq sənətinin böyük ustadlarından olan, Aşıq Ələsgər məktəbinin yetirməsi və bu böyük saz-söz sənətkarının ən sevimli şagirdlərdən biri kimi ustadından, təxminən, on il dərs alan Nəcəf gənc yaşlarından fitri istedadı, güclü səsi, iti hafizəsi və şeir söyləmək bacarığı ilə seçilib. Ecazkar səsi ilə o dövrün aşıqları arasında xüsusi şöhrət qazanıb. İfaçılıq qabiliyyəti, xüsusilə, zil səsi və zəngulələri haqqında el arasında çoxlu xatirələr bu gün də yaddaşlarda yaşamaqdadır. Onun Aşıq Əsədlə sənət dostluğu, məclislərdə birgə çıxışları ilə bağlı da çox danışılır.
Aşıq Nəcəf yalnız istedadlı sənətkar deyil, həm də mərdliyi, cəsarəti və el içində nüfuzu ilə seçilən, sazı ilə el məclislərində insanların könlünü oxşayan, şeirləri ilə xalqın sevincini və dərdini ifadə edən bir şəxsiyyət olub.
Göyçəli aşığın yazdığı şeirlərin hamısı günümüzə gəlib çatmayıb. Yaşadığı dövrün qarışıqlıqları və şifahi ənənənin xüsusiyyətləri ilə yanaşı, onun həyatının faciəli sonluğu da yaradıcılıq irsinin qorunmasını xeyli çətinləşdirib. Bununla belə, bir sənətkar kimi adı sonrakı nəsillərin yaddaşında yaşayıb.
Onun həyatı və taleyi haqqında dastanlar, poemalar, şeirlər və publisistik yazılar qələmə alınıb. Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanı, Eldar İsmayılın “Nəcəf” poeması və Xasay Zeynalovun “Aşıq Nəcəf dastanı” bu mövzuya həsr olunmuş əsərlər sırasındadır. Bu ilin sentyabrında isə folklor araşdırıcısı Araz Yaquboğlunun Aşıq Nəcəfin həyatı və yaradıcılığından, ermənilər tərəfindən başına gətirilən faciələrdən bəhs edən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitab işıq üzü görüb.
El aşığının irsinin öyrənilməsi bir ustad sənətkarın həyat yolunun və bioqrafiyasının öyrənilməsi ilə yanaşı, Göyçə aşıq məktəbinin xüsusiyyətlərini, ustad-şagird münasibətlərini, xalqın mənəvi dünyasını, həm də dövrün ictimai-siyasi mənzərəsini və tarixi yaddaşını öyrənmək baxımından əhəmiyyətlidir.
Daşkəndli Aşıq Nəcəf hər zaman insanı düşündürən, həyatı və taleyi maraq doğuran el sənətkarlarından biri kimi xatırlanır. Onun haqqında danışarkən aşıq sənətinin keçmişinə, ustad-şagird ənənəsinə, yaşadığı dövrün ziddiyyətlərinə, tarixi mənbələrdə, eləcə də bütün bunlarla bağlı el yaddaşında günümüzədək yaşayanlara da nəzər salmaq vacibdir. XX əsrin əvvəllərində Göyçə mahalında zorakılıqların baş verdiyi, əsrlərlə orada öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın həyatına ağır zərbə vurulduğu bir zamanda Aşıq Nəcəfin də həyatı təhlükə altında idi.
O illərdə ermənilər soydaşlarımızın başına elə faciələr gətiriblər ki, bu hadisələr tarixi qaynaqlarda öz əksini tapmaqla yanaşı, zaman keçdikcə xalqın yaddaşında da dastanlaşaraq yaşamağa davam edib. Bu mənada, sazı, sözü və el-obaya bağlılığı ilə seçilən Aşıq Nəcəfin faciəsi Azərbaycan xalqının tarixi yaddaşında zorakılıq, yurd həsrəti və sənətkar taleyinin acı nümunələrindən biri kimi yaşayır. Onun həyatının ən faciəli səhifəsi Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı törədilən zorakılıqlarla bağlıdır.
Aşığın faciəli ölümü haqqında mənbələrdə insanı dəhşətə gətirən məlumatlar var. Aşıq sənətinə və Göyçə tarixinə həsr olunmuş yazılarda onun 1919-cu ildə ermənilər tərəfindən əsir götürüldüyü, ağır işgəncələrə məruz qaldığı və belinə qaynar samovar bağlanaraq öldürüldüyü qeyd olunur. Üstəlik, onun gözləri qarşısında beş oğlu da xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib.
Bu hadisə yalnız bir sənətkarın qətli, bir ailənin məhv edilməsi kimi deyil, həm də bütöv bir elin mədəni yaddaşına vurulan zərbə kimi xatırlanır. Sazı ilə insanlara sevinc bəxş edən, məclislərdə sözün və sənətin qüdrətini nümayiş etdirən bir aşığın belə amansız sonluqla üzləşməsi xalq yaddaşında dərin iz buraxıb.
Onun faciəli ölümü ilə bir insanın həyatı yarımçıq qaldı, lakin adı xalqın yaddaşından silinmədi. Aşıq Nəcəf haqqında yazılan əsərlər, söylənən xatirələr və aparılan araşdırmalar onun sənət irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
İstər xalqın yaddaşında, istərsə də müxtəlif mənbələrdə, aşıq sənətinə dair elmi araşdırmalarda Aşıq Nəcəfin faciəvi həyatı və yaradıcılığı haqqında kifayət qədər məlumat var. Yəni o, az öncə də qeyd etdiyimiz kimi, həm xalqın yaddaşında, həm də yazılı mənbələrdə yaşamaqdadır. Ancaq gəlin görək, biz bu faciəni, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə lazımınca çatdıra bilmişikmi? Daha doğrusu, bu haqda düşünmüş, hansısa addım atmışıqmı?
Ermənilər olmayan şeyi şişirdib dünya ictimaiyyətinin gözündə xalqımızı aşağılamaq üçün hər yola əl atdıqları halda, biz real tarixi faktı – bir sənətkarın gözlərinin qarşısında beş oğlunun vəhşicəsinə qətlə yetirilməsi və özünün də kürəyinə qaynar samovar bağlanaraq diri-diri işəgəncələrlə öldürülməsi faktını niyə dünya çapında ictimailəşdirmirik? Bununla bağlı bir sənədli film çəkib, müxtəlif dillərdə səsləndirməklə xarici ölkələrdə yayılması erməni qaniçənlərinə və onların havadarlarına ən tutarlı cavab olmazmı?! Hələ də gec deyil, və belə bir filmin çəkilməsi zəruridir.
Qarşıdan Aşıq Nəcəfin yubileyi gəlir – 2027-ci il onun anadan olmasının 160 illik yubiley ilidir. Heç olmasa yubileyi ərəfəsində bu böyük sənətkarın faciəvi taleyi ilə bağlı filmin çəkilməsi, yubileyin geniş şəkildə qeyd olunaraq erməni faşizminin daha bir vəhşiliyinin, iyrənc əməlinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün indidən addım atılmalıdır. Bu, həm də ona görə lazımdır ki, Ermənistanla sülhə dair ilkin razılaşma əldə edilsə də, yekun sülh müqaviləsi hələ imzalanmayıb. Son günlər Ermənistan tərəfindən səsləndirilən müxtəlif bəyanatlar (yekun sülh sazişinin 2031-ci ilədək imzalanması və s.) isə onların bu məsələdə o qədər də istəkli olmadığını göstərir.
...Aşıq Nəcəfin taleyi göstərir ki, insanın ömrü sona çatsa da, xalqın qəlbinə, yaddaşına köçmüş sənətkarlar heç zaman ölmür. Onun adı sazın simlərində, Göyçə ilə bağlı xatirələrdə və Azərbaycan aşıq sənətinin tarixində yaşayır. Bu gün Aşıq Nəcəfi xatırlamaq Göyçənin saz-söz ənənəsinə ehtiram göstərmək, sənətkarların həyat və yaradıcılığını obyektiv şəkildə öyrənməklə yanaşı, həm də tarixi yaddaşı yeniləmək və qorumaq baxımından əhəmiyyətlidir.
Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi