Icma.az
close
up
RU
Erməni vəhşiliyinin qurbanı olmuş el sənətkarı

Erməni vəhşiliyinin qurbanı olmuş el sənətkarı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Daşkəndli Aşıq Nəcəfin qətli daşnak quldurların tarixi üzqaralığıdır

Xalqımızın əsrlər boyu yaşatdığı mənəvi sərvətlərdən biri olan aşıq sənətinin zaman-zaman xalqın sevincini, kədərini, məhəbbətini, həsrətini və taleyin ağır sınaqlarını öz yaradıcılıqlarında əks etdirən çox ünlü ustad sənətkarları olub. Onlardan biri də Göyçə aşıq mühitinin ünlü simaların­dan olan Daşkəndli Aşıq Nəcəfdir. 

Daşkəndli Aşıq Nəcəf – Nəcəf Allah­verdi oğlu Göyçə mahalının Daşkənd kən­dində dünyaya gəlib. Onun doğum tarixi ilə bağlı mənbələrdə fərqli məlumatlar var. İndiyədək bəzi mənbələrdə onun 1860, bə­zilərində isə 1876-cı ildə doğulduğu göstə­rilirdi. Tədqiqatçı Nazir Əhmədlinin bu il işıq üzü görmüş “Azərbaycan aşıqları və el şairləri” kitabında isə arxiv materialı əsa­sında Aşıq Nəcəfin doğum tarixinin 1867-ci il olduğu sübuta yetirilib. 

Azərbaycan aşıq sənətinin böyük us­tadlarından olan, Aşıq Ələsgər məktəbinin yetirməsi və bu böyük saz-söz sənətkarının ən sevimli şagirdlərdən biri kimi ustadın­dan, təxminən, on il dərs alan Nəcəf gənc yaşlarından fitri istedadı, güclü səsi, iti ha­fizəsi və şeir söyləmək bacarığı ilə seçilib. Ecazkar səsi ilə o dövrün aşıqları arasında xüsusi şöhrət qazanıb. İfaçılıq qabiliyyəti, xüsusilə, zil səsi və zəngulələri haqqında el arasında çoxlu xatirələr bu gün də yad­daşlarda yaşamaqdadır. Onun Aşıq Əsədlə sənət dostluğu, məclislərdə birgə çıxışları ilə bağlı da çox danışılır.

Aşıq Nəcəf yalnız istedadlı sənətkar de­yil, həm də mərdliyi, cəsarəti və el içində nüfuzu ilə seçilən, sazı ilə el məclislərin­də insanların könlünü oxşayan, şeirləri ilə xalqın sevincini və dərdini ifadə edən bir şəxsiyyət olub. 

Göyçəli aşığın yazdığı şeirlərin hamısı günümüzə gəlib çatmayıb. Yaşadığı döv­rün qarışıqlıqları və şifahi ənənənin xüsu­siyyətləri ilə yanaşı, onun həyatının faciəli sonluğu da yaradıcılıq irsinin qorunmasını xeyli çətinləşdirib. Bununla belə, bir sənət­kar kimi adı sonrakı nəsillərin yaddaşında yaşayıb. 

Onun həyatı və taleyi haqqında dastan­lar, poemalar, şeirlər və publisistik yazılar qələmə alınıb. Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanı, Eldar İsmayılın “Nə­cəf” poeması və Xasay Zeynalovun “Aşıq Nəcəf dastanı” bu mövzuya həsr olunmuş əsərlər sırasındadır. Bu ilin sentyabrında isə folklor araşdırıcısı Araz Yaquboğlunun Aşıq Nəcəfin həyatı və yaradıcılığından, er­mənilər tərəfindən başına gətirilən faciələr­dən bəhs edən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitab işıq üzü görüb. 

El aşığının irsinin öyrənilməsi bir us­tad sənətkarın həyat yolunun və bioqrafi­yasının öyrənilməsi ilə yanaşı, Göyçə aşıq məktəbinin xüsusiyyətlərini, ustad-şagird münasibətlərini, xalqın mənəvi dünyasını, həm də dövrün ictimai-siyasi mənzərəsini və tarixi yaddaşını öyrənmək baxımından əhəmiyyətlidir.

Daşkəndli Aşıq Nəcəf hər zaman insanı düşündürən, həyatı və taleyi maraq doğu­ran el sənətkarlarından biri kimi xatırlanır. Onun haqqında danışarkən aşıq sənətinin keçmişinə, ustad-şagird ənənəsinə, yaşadığı dövrün ziddiyyətlərinə, tarixi mənbələrdə, eləcə də bütün bunlarla bağlı el yaddaşında günümüzədək yaşayanlara da nəzər salmaq vacibdir. XX əsrin əvvəllərində Göyçə ma­halında zorakılıqların baş verdiyi, əsrlərlə orada öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın həyatına ağır zərbə vurul­duğu bir zamanda Aşıq Nəcəfin də həyatı təhlükə altında idi. 

O illərdə ermənilər soydaşlarımızın ba­şına elə faciələr gətiriblər ki, bu hadisələr tarixi qaynaqlarda öz əksini tapmaqla ya­naşı, zaman keçdikcə xalqın yaddaşında da dastanlaşaraq yaşamağa davam edib. Bu mənada, sazı, sözü və el-obaya bağlılığı ilə seçilən Aşıq Nəcəfin faciəsi Azərbaycan xalqının tarixi yaddaşında zorakılıq, yurd həsrəti və sənətkar taleyinin acı nümunələ­rindən biri kimi yaşayır. Onun həyatının ən faciəli səhifəsi Göyçə mahalında azərbay­canlı əhaliyə qarşı törədilən zorakılıqlarla bağlıdır. 

Aşığın faciəli ölümü haqqında mən­bələrdə insanı dəhşətə gətirən məlumatlar var. Aşıq sənətinə və Göyçə tarixinə həsr olunmuş yazılarda onun 1919-cu ildə er­mənilər tərəfindən əsir götürüldüyü, ağır işgəncələrə məruz qaldığı və belinə qay­nar samovar bağlanaraq öldürüldüyü qeyd olunur. Üstəlik, onun gözləri qarşısında beş oğlu da xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. 

Bu hadisə yalnız bir sənətkarın qətli, bir ailənin məhv edilməsi kimi deyil, həm də bütöv bir elin mədəni yaddaşına vuru­lan zərbə kimi xatırlanır. Sazı ilə insanla­ra sevinc bəxş edən, məclislərdə sözün və sənətin qüdrətini nümayiş etdirən bir aşığın belə amansız sonluqla üzləşməsi xalq yad­daşında dərin iz buraxıb. 

Onun faciəli ölümü ilə bir insanın hə­yatı yarımçıq qaldı, lakin adı xalqın yad­daşından silinmədi. Aşıq Nəcəf haqqında yazılan əsərlər, söylənən xatirələr və aparı­lan araşdırmalar onun sənət irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

İstər xalqın yaddaşında, istərsə də müxtəlif mənbələrdə, aşıq sənətinə dair elmi araşdırmalarda Aşıq Nəcəfin faciəvi həyatı və yaradıcılığı haqqında kifayət qə­dər məlumat var. Yəni o, az öncə də qeyd etdiyimiz kimi, həm xalqın yaddaşında, həm də yazılı mənbələrdə yaşamaqdadır. Ancaq gəlin görək, biz bu faciəni, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə lazımınca çatdıra bilmişikmi? Daha doğ­rusu, bu haqda düşünmüş, hansısa addım atmışıqmı? 

Ermənilər olmayan şeyi şişirdib dünya ictimaiyyətinin gözündə xalqımızı aşağı­lamaq üçün hər yola əl atdıqları halda, biz real tarixi faktı – bir sənətkarın gözlərinin qarşısında beş oğlunun vəhşicəsinə qətlə yetirilməsi və özünün də kürəyinə qaynar samovar bağlanaraq diri-diri işəgəncələrlə öldürülməsi faktını niyə dünya çapında ic­timailəşdirmirik? Bununla bağlı bir sənədli film çəkib, müxtəlif dillərdə səsləndir­məklə xarici ölkələrdə yayılması erməni qaniçənlərinə və onların havadarlarına ən tutarlı cavab olmazmı?! Hələ də gec deyil, və belə bir filmin çəkilməsi zəruridir. 

Qarşıdan Aşıq Nəcəfin yubileyi gəlir – 2027-ci il onun anadan olmasının 160 illik yubiley ilidir. Heç olmasa yubileyi ərəfə­sində bu böyük sənətkarın faciəvi taleyi ilə bağlı filmin çəkilməsi, yubileyin geniş şəkildə qeyd olunaraq erməni faşizminin daha bir vəhşiliyinin, iyrənc əməlinin dün­ya ictimaiyyətinin diqqətinə çatdırılması üçün indidən addım atılmalıdır. Bu, həm də ona görə lazımdır ki, Ermənistanla sülhə dair ilkin razılaşma əldə edilsə də, yekun sülh müqaviləsi hələ imzalanmayıb. Son günlər Ermənistan tərəfindən səsləndirilən müxtəlif bəyanatlar (yekun sülh sazişinin 2031-ci ilədək imzalanması və s.) isə onla­rın bu məsələdə o qədər də istəkli olmadı­ğını göstərir. 

...Aşıq Nəcəfin taleyi göstərir ki, insa­nın ömrü sona çatsa da, xalqın qəlbinə, yad­daşına köçmüş sənətkarlar heç zaman öl­mür. Onun adı sazın simlərində, Göyçə ilə bağlı xatirələrdə və Azərbaycan aşıq sənə­tinin tarixində yaşayır. Bu gün Aşıq Nəcəfi xatırlamaq Göyçənin saz-söz ənənəsinə ehtiram göstərmək, sənətkarların həyat və yaradıcılığını obyektiv şəkildə öyrənməklə yanaşı, həm də tarixi yaddaşı yeniləmək və qorumaq baxımından əhəmiyyətlidir.

Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri