Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) gələcək taleyi və qurumdakı mövqeyi ətrafında müzakirələr yenidən aktuallaşıb. İrəvanın son iki ildə təşkilata üzvlük haqqı ödəməməsi, hərbi təlimlərdə iştirakdan imtina etməsi və Moskva ilə münasibətlərdə məsafə saxlaması KTMT daxilində narazılığı artırır.
Bəs Ermənistanın KTMT-dən faktiki uzaqlaşması hansı geosiyasi məqsədlərə xidmət edir? Rusiyanın Ermənistana təsir imkanları nə dərəcədə güclüdür və Kreml bu rıçaqlardan nə vaxt istifadə edə bilər?
Mövzunu "AzPolitika"ya şərh edən politoloq Elşən Manafov bildirib ki, Ermənistanın Qərbdə “Rus NATO-su” kimi xarakterizə edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə biləcəyi ilə bağlı səsləndirilən bəyanatlar rəsmi İrəvana növbəti xəbərdarlıq kimi qiymətləndirilməlidir:
"Bu, Ermənistanın son iki ildə təşkilata üzvlük haqqı ödəməməsinə, eləcə də hərbi-siyasi blokun keçirdiyi hərbi təlimlərdə iştirakdan imtina etməsinə KTMT-nin verə biləcəyi adekvat cavabdır. Əslində, burada təəccüblü heç nə yoxdur. Belə ki, Nikol Paşinyan hələ müxalifətdə olduğu dövrdə Ermənistanın həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında təmsil edilməsinə ciddi zərurət olmadığını bildirir, hakimiyyətə gələcəyi təqdirdə ölkənin bu qurumlardan uzaqlaşması istiqamətində ardıcıl addımlar atacağını açıqlayırdı. Paşinyanın mövqeyində siyasi konyunkturanın rolunu da nəzərə alsaq, müvafiq geosiyasi şərait yarandığı təqdirdə rəsmi İrəvanın belə addımlar atacağı əvvəlcədən gözlənilən idi. Çünki bu istiqamətdəki siyasət Paşinyanın hakimiyyətə gəlməsində rol oynayan Qərbdəki müəyyən dairələrin, xüsusilə qlobalist qüvvələrin maraqları ilə üst-üstə düşürdü. MDB-nin bir sıra ölkələrində olduğu kimi, Ermənistanda da 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinin arxasında Qərbin, xüsusilə ABŞ-dakı qlobalist dairələrin dayandığı iddia olunur. Bu prosesin maliyyələşdirilməsində milyarder və xeyriyyəçi Corc Sorosun da rol oynadığı barədə fikirlər səsləndirilir. Paşinyanın təmsil olunduğu siyasi komandanın beynəlxalq müstəvidə “Sorosçular” kimi tanınması da bu kontekstdə diqqət çəkir. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və onun vasitəsilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq Qərbin Paşinyan və komandası qarşısında qoyduğu əsas geosiyasi hədəflərdən biri kimi təqdim olunur. Bütün bunları rəsmi Moskva da, təbii ki, bilir və proseslərin mahiyyətini anlayır. Lakin Kreml mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq, hələlik Ermənistanla münasibətlərdə “yumşaq güc” siyasətinə üstünlük verir".
Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər genişdir:
"Bura iki ölkə arasında ticarət dövriyyəsinin artan dinamikası, “Qazprom”un Ermənistanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, Ermənistan dəmir yollarının idarəçiliyində Rusiya şirkətlərinin əsas paya malik olması, Rusiyada çalışan erməni əmək miqrantlarının vəziyyəti, eləcə də Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixracı kimi amillər daxildir. Bununla yanaşı, Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi bazanın mövcudluğu, ölkə parlamentində təmsil olunan müxalif qüvvələrin Kremlə münasibəti, eləcə də Apostol Kilsəsinin Rusiya ilə tarixi və ənənəvi əlaqələri Moskvanın siyasi, ideoloji və hərbi müstəvidə təsir rıçaqları hesab olunur. Bununla belə, mövcud geosiyasi reallıqlar fonunda rəsmi Moskva hələlik bu mexanizmləri tam gücü ilə işə salmağa ehtiyac görmür. Rusiya-Ukrayna müharibəsi Kremlin planlaşdırdığı ssenari üzrə başa çatmayana qədər Moskva Cənubi Qafqazda Qərbin onu ikinci cəbhədə qarşıdurmaya cəlb etmək cəhdlərinə zəmin yaradacaq addımlardan çəkinməyə çalışacaq. Məhz buna görə də Kreml, ən azı yaxın perspektivdə, rəsmi İrəvana qarşı sərt təzyiq siyasəti yürütməkdə maraqlı görünmür. Başqa sözlə, Moskva hələ bir müddət Ermənistanın mövcud davranışlarına dözümlü yanaşmağa və münasibətlərdə “yumşaq güc” siyasətini davam etdirməyə üstünlük verəcək".
Müşviq Tofiqoğlu
AzPolitika.info