Icma.az bildirir, Bizimyol portalına istinadən.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsi imzalaması ilk növbədə Konstitusiya dəyişikliklərindən asılıdır. Onun sözlərinə görə, İrəvan nə qədər tez referenduma gedərək Azərbaycan ərazilərinə dair Ermənistan Konstitusiyasında və digər fundamental sənədlərdə əksini tapan iddiaları aradan qaldırarsa, sülh müqaviləsinin imzalanması da bir o qədər sürətlənər.
Politoloq hesab edir ki, Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri erməni cəmiyyətinin hələ də sülhə tam hazır olmadığını göstərir.
“Paşinyan bəlkə də Azərbaycanla diplomatik münasibətlərin qurulmasını və sülh sazişinin imzalanmasını istəyir. Lakin bunun üçün cəmiyyət də bu prosesə hazırlanmalıdır. Bu isə ciddi səylər, uzunmüddətli izahat işi və gərgin siyasi fəaliyyət tələb edir.
Azərbaycan sülh gündəliyinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib və irəli sürdüyü əsas şərtlərdən geri çəkilməyib. Bu baxımdan İrəvan seçkilərdən sonra prosesi sürətləndirməli, siyasi iradəsini və qətiyyətini daha aydın şəkildə ortaya qoymalıdır.
Sülh təkcə dövlətlər arasında imzalanan sənədlərlə məhdudlaşmamalıdır. Dayanıqlı və uzunömürlü sülhün təmin olunması üçün xalqlar arasında da etimadın və normal münasibətlərin formalaşdırılması vacibdir”, – deyə Əli Orucov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info