Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.
Bu barədə Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.
Ermənistanın revanşist dairələrinin bu prosesə mane ola biləcəyi ehtimal varmı və bu risklər necə qiymətləndirilir?
Redaktor.az-ın sualına cavab olaraq Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, təbii olaraq Azərbaycan icması, yəni Qərbi Azərbaycan İcması yaxın zamanda Ermənistanla dialoq quraraq ləyaqətli və təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıtmaq istəyir: "Bu, artıq tarixi faktdır ki, uzun illər, hətta əsrlər boyunca həmin torpaqlarda Azərbaycan əhalisi yaşayıb.
Lakin 20-ci əsrdə baş vermiş müxtəlif dalğalı deportasiyalar nəticəsində onlar öz evlərindən qovulmuş və məcburi şəkildə köçürülmüşlər.
Bu səbəbdən icmanın qayıtmaq istəyi tamamilə təbiidir. Onlar Ermənistan hökuməti ilə birlikdə bu prosesi müzakirə etməyə hazırdırlar.
Artıq Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinə rəsmi müraciət də edib".