Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibəsində Ermənistan dövlətini faşist dövləti adlandırmasını, Ermənistanın sabiq prezidentlərinin faşist və irqçi xarakterini ifşa etməsini, Zəngəzur dəhlizinin açılacağını qətiyyətlə bəyan etməsini, eləcə də Ermənistanın silahsızlaşdırılmasının vacibliyini bəyan etməsini, Qərbi Azərbaycana qayıdış məsələsinin diqqət mərkəzində saxlanıldığını və Ermənistan rəhbərliyini Qərbi azərbaycanlıların təmsilçiləri ilə görüşməyə çağırmasını erməni siyasi şərhçilərinin və mediasının Ermənistana növbəti ultimatum kimi təqdim etməsi absurddur.
Bunlar növbəti ultimatum deyil. Azərbaycan son illərdə davamlı olaraq Ermənistan rəhbərliyini bu addımları atmağa çağırış edib.
Lakin Paşinyan iqtidarı da öz faşist-irqçi sələflərinin (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) ənənələrinə sadiq qalaraq Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən cürbəcür manevr və bəhanələrlə yayınıb və sülh danışıqlarını süni şəkildə ləngidib.Ona görə də Ermənistan ictimaiyyəti və mediası bu gün Azərbaycan Prezidentinin çağırışlarını, tələblərini növbəti ultimatum və müharibə anonsu kimi dəyərləndirib təşviş keçirməkdənsə, öz hökumətlərinin ikili siyasətlərini sorğulamalı və günahı da ilk növbədə baş nazir Nikol Paşinyanda görməli, onun qətiyyətsiz və dəyişkən mövqeyini qınaq hədəfinə çevirməlidir.
Azərbaycanın haqlı tələbləri Ermənistan cəmiyyətini qorxutmamalıdır. Çünki bizim Ermənistanla növbəti müharibəyə başlamaq niyyətimiz yoxdur.
Bizim tələblərimiz müharibəyə yox, dayanıqlı sülhə xidmət edir.
Azərbaycan Prezidenti də sözügedən müsahibəsində bir daha qeyd etdi ki, biz müharibə yox, sülh istəyirik.
Lakin əfsuslar olsun ki, Ermənistanın Fransanın, Avropa İttifaqının dəstəyi ilə silahlanmanı davam etdirməsi və sülh sazişi ilə bağlı Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməkdən boyun qaçırması sülh prosesinə zərbə vurur, regionda yeni eskalasiyaya yol açır.