Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın dayandırılması investor etimadına təsir göstərə və ölkənin beynəlxalq maliyyə bazarlarında risklərini artıra bilər.
Akif Nəsirli
“Maliyyə Nazirliyinin S&P Global Ratings ilə əməkdaşlığını dayandırması ölkənin iqtisadi araşdırmalarına bir neçə cəhətdən təsir edə bilər. S&P əvvəllər Azərbaycanın iqtisadi göstəricilərini, suveren kredit reytinqlərini və bank sektoru qiymətləndirmələrini təqdim edirdi. Bu məlumatlar xarici investorlar və beynəlxalq maliyyə institutları üçün obyektiv göstərici kimi çıxış edirdi. Əməkdaşlığın dayandırılması investor etimadına təsir göstərə və ölkənin beynəlxalq maliyyə bazarlarında risklərini artıra bilər. Kredit cəlbi və investisiya axınları üçün əlavə çətinliklər yarana bilər. Həmçinin S&P‑dən gələn proqnoz və risk hesabatlarının olmaması iqtisadi planlama və strateji qərarlar üçün məlumat boşluğu yarada bilər.
Buna baxmayaraq, digər beynəlxalq agentliklər və ya daxili analitik mərkəzlər vasitəsilə məlumat toplamaq mümkündür. Dövlət bu qərarı daxili maliyyə imkanlarını vurğulamaq və xarici borclanma strategiyalarını yenidən nəzərdən keçirmək kimi səbəblərlə izah edə bilər. Nəticədə, bu addım bəzi risklər doğursa da, ölkənin iqtisadi analiz imkanları tamamilə dayanmır və alternativ mexanizmlərlə əvəzlənə bilər. Həm də Maliyyə Nazirliyi digər reytinq agentlikləri ilə də əməkdaşlıq edir, yəni bu yeganə reytinq agentliyi deyil, amma onun da bu sırada olması müsbət hal idi, çünki mötəbər reytinq agentliklərindən biridir.
S&P ilə bizim hesablamalarımız arasında yaranan fərqə görə küsmək lazım deyil, araşdırmaq lazımdır, görək kim səhv və ya qərəzli hesablayıb. Bəlkə doğrudan biz göstəricilərimizi həddən artıq siyasiləşdiririk (şişirdirik), ona görə də S&P göstəriciləri ilə uyğun gəlmir? Hər halda Azərbaycan statistikasının mötəbərlik dərəcəsi də göz önündədir. Ərzaq məhsulları il ərzində az qala 2 dəfə bahalaşır, amma Dövlət Statistika Komitəsi deyir ki, inflyasiya il ərzində 6% təşkil edir”-deyə Akif Nəsirli qeyd edib.
Günel Həsənova, Bizimyol.info