Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı və digər iri şəhərlərdə mənzillər kifayət qədər bahadır. Ona görə də insanlar ipoteka ilə mənzil almağa daha çox üstünlük verirlər. Hazırda iki ipoteka növü var. Biri İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə həyata keçirilir. Digəri isə Mənzil Tikinti Kooperativlərinin daxili ipotekası əsasında baş tutur.
Bəs bu ipotekalardan hansı daha sərfəli və etibarlıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına mənzil almaq daha sərfəlidir:
“Çünki Fondun təklif etdiyi faiz dərəcələri MTK-ların təqdim etdikləri faiz dərəcələrindən qat-qat aşağıdır. Qeyd edim ki, daxili ipotekanın faizi 12 faiz üzərindədir. Lakin Fondun təklif etdiyi kreditlər 4 faizdən başlayır. Ən yuxarısı isə 7-8 faizdir.
Üstünlük təkcə bu deyil.
Məsələn MTK-lar yalnız özlərinə sərf edən ərazilərdə mənzil təklif edirlər. Amma dövlət ipoteka vəsaitlərindən istifadə etməklə şəhərin istənilən yerindən mənzil almaq mümkündür. Hətta köhnə binalardan da mənzil almaq olur. Yəni Fond vətəndaşın seçiminə hörmət edir. Təsadüfi deyil ki, bu ipoteka növünə mənzil bazarında tələbat daha çoxdur. Daxli ipotekalarda isə tələbat o qədər yüksək deyil.
Digər tərəfdən Fond tərəfindən ipotekaya verilən mənzillərin Dövlət Reyestrindən çıxarışı olur. Lakin MTK-ların təklif etdiyi ipotekalarda isə mənzillər bir qayda olaraq müqavilə əsasında satılır. Belə hallarda sonradan ortaya müxtəlif problem çıxır. Məsələn, bina istismara verilməsi ləngiyir, çıxarışların verilməsi bəzən illərlə uzanır. Ona görə də dövlətin təklif etdiyi ipoteka daha sərfəli və etibarlıdır”.
Surxay Atakişiyev, Bizim.Media