Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasında sabah IX tura start veriləcək. Açılış günündə iki matç baş tutacaq. “Araz-Naxçıvan” “Qəbələ”ni, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək.
“Şəfa” bu turda “Kəpəz”lə, “İmişli” “Şamaxı” ilə qarşılaşacaq. “Neftçi” azarkeşləri önündə “Turan Tovuz”u sınağa çəkəcək. Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la üz-üzə gələcək.
23 oktyabr, 15:00 Araz-Naxçıvan – Qəbələ
Bu mövsüm liqada qələbəsi olmayan yeganə kollektiv “Araz-Naxçıvan”dır. İlə Cavid Hüseynovla başlayan klub VI turdan sonra mütəxəssislə vidalaşıb və yerinə Yuri Maksimovu gətirib. Lakin məşqçi dəyişikliyi hələlik fayda vermir. “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında çıxdığı iki matçda da məğlub olub. Komandanın oyun planında hələlik nəzərəçarpacaq irəliləyiş yoxdur. Maksimov və kollektivi üçün “Qəbələ” ilə matç dönüş nöqtəsi əhəmiyyəti daşıyır.
“Qırmızı-qaralar” da uğursuz zolaqdadır. Bölgə təmsilçisi bu mövsüm cəmi bir qələbə qazanıb. Kaxaber Sxadadzenin istefaya göndərərək baş məşqçi postuna Yeton Bekirini gətirən “Qəbələ” rəhbərliyi hələlik istədiyi nəticələri əldə edə bilmir. Komanda yeni çalışdırıcının rəhbərliyi altında keçirdiyi iki oyunda 8 qol buraxaraq hər iki görüşdən məğlub ayrılıb.
Həm Maksimov, həm də Bekiri uğursuz seriyaya son qoymaq istəyir. Komandaların oyunlarına nəzər salsaq, hər ikisinin sistemli futboldan uzaq olduğu görünür. Şamaxıdakı görüş bu baxımdan hansı kollektivin daha üstün olduğunu göstərəcək.
23 oktyabr, 19:00 Zirə – Sumqayıt
Komandaların şəxsi duellərinə diqqət yetirsək, meydan sahiblərinin böyük aşkar fərqi var. “Zirə” altı ildir, “kimyaçılar”a məğlub olmur. Bu, keçmişə dair statistikadır. Lakin komandanın indiki durumu ürəkaçan deyil.
“Zirə”də əsas problem heyətlə bağlıdır. Mövsümə yaxşı başlayan Eren Aydın formasından uzaq düşüb. Volkov son matçlarda aktivlik göstərsə də, yetərli deyil. Müdafiədə hər matç boşluq verilir. İntizamı ilə seçilən arxa xətt əvvəlki əzəmətini itirib.
Rəşad Sadıqovun “drujinası” son beş oyunda qələbə qazanmayıb. Komanda avqustun 30-da “Neftçi”yə qalib gəldikdən sonra üç xala həsrət qalıb. “Qartallar”ın son dörd oyununun üçündə eyni hesab qeydə alınıb – 1:1.
“Sumqayıt” isə rəqibindən fərqli olaraq yaxşı formadadır. “Kimyaçılar” son iki matçda qələbəyə sevinib. “Qəbələ”ni 4 qolla məğlub edən “Gənclik şəhəri” təmsilçisi ötən turda da “Araz-Naxçıvan”a geridönüşlə qalib gəlib. Görünür, baş məşqçi Filipe Kandido yavaş-yavaş fəlsəfəsini aşılaya bilir. “Zirə” ilə matç portuqaliyalıya komandasının durumunu görmək üçün ciddi sınaq olacaq.
24 oktyabr, 16:30 Şəfa – Kəpəz
Mövsümün autsayderlərindən olan Bakı klubu cəmi 1 qələbə qazanıb və 7 dəfə məğlub olub. Ötən turda “Şamaxı” səfərində 2:0 hesablı üstünlük əldə edən “Şəfa” hesabı qoruya bilməmiş və yekunda son dəqiqədə buraxdığı qolla məğlub olmuşdu.
Debütant yay transfer dönəmində heyətini tamamilə dəyişib. 8 tur arxada qalsa da, komandada adaptasiya problemləri hiss olunur. Vurulan qollar da futbolçuların fərdi ustalıqları hesabına olub. Komandada sistemli oyun hiss edilmir. Daha çox müdafiə futboluna üstünlük verən “Şəfa” matçlarda nəticəyə oynamağa çalışsa da, bacarmır. Sərgilənən futbol və turnir cədvəlindəki durum bir-birinə uyğundur.
“Kəpəz” isə artırmaqdadır. Gəncə təmsilçisi 4 matçdır, uduzmur. Bu, “Kəpəz”in son illərdə yaxaladığı ən yaxşı seriyadır. Gəncəlilər həm evdə, həm də səfərdə inamlı təsir bağışlayır. 7 qarşılaşmada 11 xal toplayan “sarı-göylər” Bakı səfərində də favorit qismində olacaq.
24 oktyabr, 19:00 Neftçi – Turan Tovuz
Turun prinsipial qarşılaşmalarından biri Bakıda keçiriləcək. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi” çətin günlər keçirən “Turan Tovuz”u qəbul edəcək. Favorit “ağ-qaralar”dır.
Çempionluğa iddialı bakılılar ötən turda “Qarabağ”la matçda qələbəni son dəqiqələrdə əldən verdi. Buna baxmayaraq, komandanın sərgilədiyi oyun müsbət rəylə qarşılanır. Yuri Vernidubun komandası bu mövsüm nə “Qarabağ”a, nə də “Sabah”a uduzub. Son illərin ən yaxşı “Neftçi”si kimi dəyərləndirilən “ağ-qaralar” rəqiblərinin duelinin olduğu həftədə qələbə qazanaraq, yerini möhkəmləndirmək və liderliyə yüksəlmək niyyətindədir.
“Turan Tovuz” isə qeyri-stabilliyi ilə diqqət çəkir. Kurban Berdıyevin oyun sistemi artıq hər kəs tərəfindən əzbərlənib. Ötən turda “İmişli”yə məğlubiyyət Tovuz camiəsində narahatlığı artırıb. Gedişat dəyişməzsə, Berdıyevlə yolların ayrılması gündəmə gələ bilər.
25 oktyabr, 15:00 İmişli – Şamaxı
Baş məşqçi Fərid Namazovla yollarını ayırdıqdan sonra ilk sınağında güclü “Turan Tovuz”a qalib gələn “İmişli” bu nəticənin təsadüf olmadığını sübut etməyə çalışacaq. Komanda müvəqqəti Ervins Perkonsa tapşırılıb və mütəxəssis birinci “imtahan”dan yaxşı qiymət aldı. “Pələnglər”in oyun planı dəyişməyib. Müdafiədə intizamlı oynayan, əks-hücumlara bel bağlayan “İmişli”nin “Şamaxı” qarşısında hansı futbolu nümayiş etdirəcəyi maraqla gözlənilir.
“Şamaxı” isə Azər Bağırovun rəhbərliyi altında yüksəlişdədir. Ötən turda “Şəfa”nı 0:2-dən geridönüş edərək məğlub edən “şirlər” Yevlaxdakı matçın da favoritidir. Komanda sistemli oyun sərgiləyir. Bağırovun oyun ərzində etdiyi əvəzetmələr, demək olar ki, hər matçda öz bəhrəsini verir. Təsadüf deyil ki, komanda bu mövsüm cəmi bir qarşılaşmada məğlub olub. Çətin səfərlərdən xalla dönməyi bacaran “Şamaxı” ev oyunlarında qələbələləri sıralayır.
25 oktyabr, 18:00 Sabah – Qarabağ
Çempionlar Liqasında Dortmund “Borussiya”sına məğlub olan “Sabah” liqada itkisiz irəliləyir. “Bayquşlar” bu mövsüm bir oyunda – “Neftçi” ilə matçda qələbə qazana bilməyib. 19 xalla zirvədə qərarlaşan “futuristlər” 17 xalla ən yaxın izləyicisi “Qarabağ” məğlub edərək xal fərqini artırmağa çalışacaq.
Son çempion hazırda ən yaxşı oyun sərgiləyən kollektivdir. Mövsümün əvvəlində rotasiyalar edən və ikinci heyətlə liqa matçlarına çıxan Dambrauskas ehtiyat qüvvəni də gücləndirməyi bacarıb.
Görüş “Sabah”ın yeni “evində” – “Sabah Arena”da (“Dalğa Arena”) keçiriləcək.
“Qarabağ” isə formasına tam qovuşmayıb. “Atlılar” “Neftçi” ilə matçda əzmkar dönüş etsə də, müdafiədə ciddi problemlər var. Hücumda isə yaradıcılıq çatmır. “Sabah”la görüş komandanın yenidən liderliyə yüksələ bilməsi üçün fürsətdir. “Futuristlər” son həftələrdə həm liqa, həm də Çempionlar Liqası matçlarına çıxır və bu sıx qrafik “Qarabağ”a üstünlük yarada bilər.
Şahin Cəfərov