Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Evdə pul saxlamaq bir çox insan üçün hələ də adi haldır. Bəzi insanlar illərlə yığdığı pulu banka əmanət etmir, öz evinin müxtəlif yerlərində gizlədərək saxlamağa üstünlük verir. Lakin evdə saxlanılan böyük məbləğdə nağd pulun təhlükəsizliyi ilə bağlı suallar xüsusilə oğurluq hadisələrindən sonra yenidən gündəmə gəlir. Bakının Xəzər rayonunda mənzildən 33 min manatın oğurlanması da bu məsələni aktuallaşdırıb. Belə hadisələr zamanı yalnız pulun necə oğurlandığı deyil, həm də zərərçəkənin itirdiyi vəsaiti geri qaytarmaq imkanının olub-olmaması sual doğurur.
Bundan başqa, yanğın zamanı sığortalanan daşınmaz əmlaka dəyər ödənsə də, faktiki olaraq evdəki nağd pulun aqibətinin necə olacağı bilinmir.
Evdə böyük məbləğdə nağd pul saxlamaqla bağlı risklərə toxunmuşkən alternativ olan bank əmanətlərinin sığortalanması məsələsini də qeyd etmək yerinə düşər. Vətəndaş pulunu bankda əmanət kimi saxladıqda müəyyən şərtlər daxilində həmin vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. ƏSF-nin məlumatına görə, iştirakçı banklarda qorunan əmanətlər üzrə kompensasiya əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə ödənilir. Bununla yanaşı, əmanətin qorunan hesab edilməsi üçün onun faiz dərəcəsi də müəyyən edilmiş həddə uyğun olmalıdır. Hazırda bu hədd manatla əmanətlər üçün illik 12 faiz, xarici valyutada olan əmanətlər üçün isə 2,5 faizdir.
Bəs vətəndaş evində böyük məbləğdə, müəyyən miqdarda nağd pul saxlayırsa, həmin vəsaiti sığortalaya bilərmi?
Məsələ barədə Bizim.Media-ya Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov danışıb.
O, belə bir sığorta növünün olmadığını qeyd edib:
“Təəssüf ki, belə bir sorğu növü yoxdur. Burada bəzi riskli məqamlar var. Həm nağd pul, həm də əntiq əşyalar, yəni qiyməti bəlli olmayan əşyalarla bağlı xüsusi bir sığorta növü mövcud deyil”.
Günay Şahmar, Bizim.Media