Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nizami Gəncəvi – 885
Nizami Gəncəvinin xatirəsinin Bakının mərkəzində ucaldılmış monumental abidədə əbədiləşdirilməsi, keçmiş Sovetlər İttifaqında şairin 800 illik yubiley tədbirlərinə hazırlıqla əlaqədar idi. Məlum olduğu kimi, abidə İstiqlaliyyət və Azərbaycan prospekti küçələrinin kəsişməsində 1 hektarlıq ərazidə yerləşir.
1917-ci ilə qədər, çar rejimi dövründə meydanın yerində birmərtəbəli evlər, kiçik mağazalar və yeməkxanalar yerləşirdi. 1935-ci ildə binalar söküldü və memar E.S.Abramovanın layihəsi əsasında məhəllə bağa çevrildi. Ətrafda çox əhəmiyyətli binalar - Mətbuat Evi, Əmək Sarayı, Təbliğat Evi və Monolit yaşayış binası var idi. Bunu nəzərə alaraq meydana parter xarakteri verildi, aşağı hissəsi açıq qaldı, mərkəzində kvadrat hündürlüyü olan meydan abidə üçün potensial yer kimi saxlanıldı. Meydanın indiki Azərbaycan prospekti küçəsinə baxan yuxarı hissəsində iynəyarpaqlı və çinar ağacları əkildi.
Ərazinin memarlıq cəhətdən təşkili heç də asan məsələ deyildi. Vəziyyət Monolitdən qarşı tərəfdə yerləşən Əmək Sarayına qədər relyefin kəskin enişi ilə çətinləşimişdi. Problem 1939-cu ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq hökümətin Əmək Sarayını Nizami muzeyinə çevirmək və bitişik parkda şairin abidəsini ucaltmaq barədə qərar qəbul etməsi ilə öz həllini tapdı.
İncəsənət şöbəsi Nizami Gəncəvinin abidəsinin yaradılması üçün açıq və qapalı müsabiqələr təşkil etdi. Açıq müsabiqədə 10, qapalı müsabiqədə isə 7 heykəltaraş iştirak etdi. Yazıçılar, rəssamlar və aşıqların iştirakı ilə əsərlər ictimaiyyətə təqdim edildi. Təqdim olunmuş 70 layihənin hamısı geri qaytarıldı, müəlliflər şairin obrazını inandırıcı əks etdirə bilməmişdilər. Əslində, bu, başadüşülən idi, çünki Nizaminin görüntüsü məlum deyildi, heç bir freska və ya qədim minatür rəsm əsəri qalmamışdı.
Fuad Əbdürrəhmanovun eskizlərinin birində əlində lülə şəkilli perqament tutmuş, dərin düşüncəyə dalmış şair obrazı münsiflər heyətinin diqqətini çəkdi. 1940-cı ildə müsabiqənin münsiflər heyəti və Nizami yubiley komitəsi abidənin bitkin variantını işləməyi heykəltaraş F.Əbdürrəhmanova, postamentini düzəltmək və meydanı planlaşdırmaq işini isə memarlar S.Dadaşov və M.Hüseynova tapşırdı.
1941-ci ilin fevralında Nizaminin abidəsinin layihəsi və 1 metr hündürlüyündə olan maketi, Moskvada Təsviri İncəsənət Müəssisələri Baş İdarəsinin, SSRİ Xalq Komissarları Sovetinin bədii-texniki şurasında təsdiq edildi. Müəlliflərə Nizaminin simasındakı milli əlamətləri gücləndirmək təklif olundu.
İkinci Dünya müharibəsindən 1947-ci ilin yazında işlərin davam etdirilməsi barədə müvafiq qərar qəbul edildi. Meydanın yenidən qurulması və memarıq dizaynı M. Hüseynov və V.İvanovun layihələri əsasında həyata keçirildi. 1948-ci il oktyabrın 23-də heykəl postament üzərinə qaldırıldı. Tikinti, quraşdırma, abadlıq işləri növbəti ilin yazına qədər davam etdi. 30 aprel 1949-cu ildə abidənin açılışı oldu. Tədbirdə Nazirlər Soveti sədrinin müavini Mirzə İbrahimov, Elmlər Akademiyasının Prezidenti Yusif Məmmədəliyev nitq söylədilər. Səməd Vurğun ilhamverici şeirlərini oxudu.
Tuncdan tökülmüş abidədə müdrik şair Nizami obrazı ayaqüstə durmuş vəziyyətdə yaradılıb. Onun dalğın baxışları Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəldilib, sanki, sovet mətbuatında vurğulandığı kimi, "dahi şair və mütəfəkkir xalq üçün ürəkdən arzuladığı yeni, şən və xoşbəxt həyatı seyr edir".
Heykəltaraş Fuad Əbdürrəhmanov qədim Azərbaycan libasından - gen əba və çalmadan böyük məharətlə istifadə edib. Alnının ətrafına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşür. Geyimin sadəliyi kompozisiyanın lakonizmi ilə uzlaşır, abidənin xarakteri ilə həmahənglik yaradır.
Abidə və postamentin ümumi hündürlüyü 15, tunc fiqurun hündürlüyü isə 6,2 metrdir. Səkkizbucaqlı postamentin üzlüyü və abidənin əsası pardaxlanmış qırmızı Ukrayna qranitindən hazırlanıb. Postamentin ortasında Nizami Gəncəvinin dünyaca məhşur "Xəmsə"sinin qəhrəmanları təsvir edilmiş barelyeflər və eni 1 metr olan səkkizüzlü tunc kəmər-qurşaq yerləşdirilib. Bu təsvirlərdə Fərhad qayanı yarir, gözəl Şirin onu gözləyir; Bərdənin müdrik hökmdarı Nüşabə makedoniyalı İsgəndər ilə söhbət edir; hökmdar Nuşirəvan vəziri ilə bayquşların söhbətinə qulaq asır; əjdahaya qalib gələn Şah Bəhram və Nizaminin digər qənrəmanlarının obrazları verilir. Qurşağın Nizami muzeyinə baxan üzündə memorial xatirə mətni həkk olunub. Kənarlardan geniş ornamentlə bəzədilmiş tunc zolaqlarla və zərif sütunlarla haşiyələnmiş bu barelyefləri rəssam Q.Xalıqovun eskizləri əsasında heykəltaraş P.Xryunov hazırlayıb.
Əvvəllər abidənin postamentinin pilləli özülünün aşağısında çiçəklik salınıb və ətrafına qara qranit - labrador döşənib. 2008-ci ildə abidənin ətrafında aparılan rekonstruksiya və abadlıq işləri zamanı güllük ləğv olunub, bu pillə geniş labrador pillə ilə əvəz olunub. Yeri gəlmişkən, abidənin ağırlığı 7 tondur.
Abidənin ucaldılması ilə əlaqədar məlumatlar da maraq doğurur. Heykəlin həcmi ilə postamentin siluet və ümumi təsvir cəhətdən əlaqələndirilməsi heykəltaraş Fuad Əbdürrəhmanovun, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun yaradıcılıq uğurudur. Abidənin qoyulduğu məkanın hazırlanması və memarlıq-tikinti, planlaşdırma işlərini Azərbaycan Dövlət Memarlıq Layihə İnstitutu (Azərbaycan Dövlət Layihə İnstitutu) layihələndirib.
Abidə üçün şairin tunc fiquru Leninqrad (indiki Sankt-Peterburq) şəhərində məhşur Monument-Skulptura zavodunda tökülüb. Heykəli pyedestala bərkitmək üçün uzunluğu 10 metr olan möhkəm poladdan hazırlanmış, seysmik təsirlərə davamlı xüsusi milin bir hissəsi postamentə kipləşdirilib, o biri hissəsi isə fiqurun içərisinə keçirilib.
Nizami Gəncəvinin monumental abidəsinin Bakıda ucaldılması mühüm tarixi-siyasi əhəmiyyətə malik idi. XX əsrin 30-cu illərinin sonu - 40-cı illərin əvvəlində xaricdə Nizaminin vətəninin Persiya (İran) olduğu iddia edilirdi. Nizami Cəncəvinin 800 illiyi ilə əlaqədar paytaxt Bakıda və şairin doğulduğu Gəncədə Sovet hökümətinin qərarına uyğun olaraq 2 monumental heykəl ucaldıldı. Biri 1949-cu ildə Bakının mərkəzində tuncdan, ikincisi 1946-cı ildə Gəncədə dəmir betondan. Bakının mərkəzində Nizaminin adını daşıyan meydanda dahi şairin böyük bədii, siyasi əhəmiyyət daşıyan möhtəşəm abidəsinin ucaldılması xalqımızın və keçmiş sovet məkanı xalqlarının dünya mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş, bəşəriyyəti öz yaradıcılığı ilə zənginləşdirmiş şairin şəxsiyyətinə hörmətin və minnətdarlığın parlaq ifadəsidir.
Prezident İlham Əliyevin göstərişinə əsasən abidənin yerlədiyi məkanda gecə işıqlandırma sistemi quraşdırılıb.Terrasvari yolda daş pilləkənlərlə ayrılan altı meydança, fəvvarələr-fontanlar kaskadı yaradılıb, güldanlı qazonlar, skamyalar qoyulub. Bütün bunlar möhtəşəm, monumenmal abidənin bədii emosional təsirini daha da gücləndirir.
Bu il 885 illiyini qeyd etiyimiz dahi Nizami Gəncəvini anarkən Bakının mərkəzində ucaldılmış möhtəşəm monumental abidə, gözəl bədii tərtibatlı postament, ətraf məkan, Nizami muzeyinə enən terrasslı mərkəzi pilləkən, fontanlar dahi şairi əbədiləşdirən memorial kompleks ziyarətçilərin, turistlərin, nizamisevərlərin diqqətini cəlb edir.
XIX əsrin ortalarında Gəncədən keçən maarifçi şair Seyid Əzim Şirvani böyük Nizaminin məzarının bərbad görkəminə baxıb bu misraları yazmışdı:
Ey şeyx Nizami,
ey nizamı dağılan
Gəncədə üzvü- ehtişamı dağılan...
Zaman gəldi, xalqımız ölkəmizin paytaxtı Bakıda 800 yaşı tamam olmuş Gəncə dahisinə Bakıda belə bir möhtəşəm abidə ucaltdı. İndi biz bu əzəmətli heykələ baxıb deyirik: “Ey Nizami, ey nizamı ucalan!”
Nizami AĞAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü