Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib

31.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 31 oktyabr, AZƏRTAC

Gəncə şəhərində görkəmli dövlət və elm xadimi, həkim Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunub. Əvvəlcə Əziz Əliyevin xatirəsi ehtiramla yad edilib.

Çıxışlarda Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və milli tibb təhsilinin inkişafında müstəsna xidmətləri vurğulanıb, onun zəngin elmi və ictimai irsinin əhəmiyyətindən danışılıb.

Bildirilib ki, Əziz Əliyev səhiyyənin inkişafını yalnız tibb müəssisələrinin fəaliyyəti ilə məhdudlaşdırmayıb, yüksəkixtisaslı və peşəkar həkim kadrlarının hazırlanmasını da ölkənin gələcəyi baxımından mühüm strateji məsələ kimi qarşıya qoyub. Onun təşəbbüsləri və fəaliyyəti Azərbaycanda tibb təhsilinin və səhiyyə sisteminin inkişafında mühüm mərhələ təşkil edib.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun rektoru, professor Nazim Panahov çıxışında Əziz Əliyevin irsinin bu gün də tibb sahəsində çalışan mütəxəssislər üçün mühüm örnək olduğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində həkimlərin bilik və bacarıqlarının artırılması, müasir tibbi nailiyyətlərin səhiyyə sisteminə tətbiqi istiqamətində həyata keçirilən işlər Əziz Əliyevin müəyyən etdiyi missiyanın davam etdirilməsinə xidmət edir.

Sonra konfrans öz işini elmi məruzələrlə davam etdirib. Məruzələrdə Əziz Əliyevin həyat və fəaliyyəti, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına verdiyi töhfələr, eləcə də onun elmi-pedaqoji irsi müxtəlif aspektlərdən təhlil olunub.

Qeyd edilib ki, Əziz Əliyevin 130 illik yubileyinin Gəncədə elmi-praktiki konfrans formatında qeyd olunması onun irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.

Müxbir - Elcan Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью