Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Böyük hesabla qalib gəlsək də, biz daha da inkişaf etməliyik".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 17-ci turunda "Karvan-Yevlax" üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis mövsümün ikinci hissəsinə qələbə ilə başlamağın vacibliyini vurğulayıb. O, fasilədən sonrakı ilk matçların həmişə çətin olduğunu, lakin komandasının ilk hissədə 3 qol vuraraq işini asanlaşdırdığını bildirib. Buna baxmayaraq Dambrauskas böyük hesablı qələbəyə rəğmən komandasının oyununda çatışmazlıqlar gördüyünü gizlətməyib:
"Xüsusilə geridən oyun qurarkən və hücumların təşkilində dəqiqlik səviyyəmiz aşağı idi. Bəzən son vuruşlarda, bitiricilikdə də çətinlik çəkirdik. Bu detalları mütləq inkişaf etdirməliyik. Qarşıdakı oyunlarda hər zaman bu qədər qol epizodu yaxalamaya bilərik, ona görə də fürsətlərdən maksimum yararlanmalıyıq.
Təbii ki, bu çatışmazlıqlar anlaşılandır, çünki uzun fasilədən sonra yenidən adaptasiya olmağa çalışırıq. İndi bu qələbəni kənara qoyub, sabahdan etibarən bərpa məşqlərinə start verməliyik. Bütün diqqətimizi qarşıdakı çox çətin keçəcək "Zirə" matçına yönəltməliyik".
Transfer məsələlərinə də toxunan baş məşqçi əsas diqqətini mövcud heyətin inkişafına yönəltdiyini bildirib:
"Dəfələrlə demişəm, 20-dən çox oyunçumuz var və onların hamısının potensialına bələdik. Hələ də onlar ən yaxşı tərəflərini göstərməyiblər, inkişaf etməlidirlər. Mənim vəzifəm əlimdə olan futbolçulara məşq keçməkdir. Amma əgər doğru oyunçu olarsa, görsək ki, bizə uyğundur, transfer edə bilərik. Çox da şayiələrə inanmaq lazım deyil".