Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Hindistanda sosial şəbəkə fenomeni ilə evlənmək istəyən şəxsin evə icazəsiz daxil olması faciə ilə nəticələnib. Gənc qadının ailə üzvləri və qonşuları tərəfindən döyülən şəxs xəstəxanada həyatını itirib.
“Cebheinfo.az” xəbər verir ki, hadisə Hindistanın paytaxtı Yeni Dehlidə baş verib.
600 mindən çox izləyicisi olan Neha Bisht adlı fenomenin paylaşımlarını uzun müddət izləyən Abhinav adlı şəxs ona qarşı birtərəfli hisslər bəsləməyə başlayıb. Gənc qadının dekabr ayında başqa şəxslə ailə quracağını öyrənən Abhinav onun yaşadığı ünvana gedib.
Noyabrın 7-də Dehlinin Madhu Vihar bölgəsində yerləşən evə icazəsiz daxil olan şəxs Neha Bishtlə evlənmək istədiyini bildirib. Bundan sonra ev sahibinin ailə üzvləri və qonşularla onun arasında mübahisə yaranıb.
İddiaya görə, Abhinav ətrafdakı şəxslər tərəfindən döyülərək ağır xəsarətlər alıb. Hadisə yerinə gələn polis əməkdaşları onun kürəyində və ayağında ciddi yaralar aşkarlayıb. Xəstəxanaya çatdırılan Abhinavın vəziyyəti ağır olub. Bir neçə tibb müəssisəsində müalicə alan şəxs hadisədən təxminən bir həftə sonra dünyasını dəyişib.
Polis araşdırması zamanı məlum olub ki, Abhinav bundan iki-üç ay əvvəl də fenomenin yaşadığı binaya gedibmiş. Həmin vaxt özünü qadının qardaşının dostu kimi təqdim etdiyi bildirilir.
Neha Bisht polisə verdiyi şikayətdə həmin şəxsin aylardır onu narahat etdiyini, evə icazəsiz daxil olduğunu və ailəsini təhdid etdiyini iddia edib. Hadisədən sonra fenomenin 64 yaşlı atası Virender Bisht və ailənin yaşadığı evdə kirayəçi olan 34 yaşlı şəxs saxlanılıb. Hər iki şübhəli həbs edilərək istintaq təcridxanasına göndərilib.
Hazırda polis hadisədə fenomenin qardaşının və digər qonşuların iştirakının olub-olmadığını araşdırır. Ərazidəki müşahidə kameralarının görüntüləri də təhlil edilir.
Qeyd edək ki, Neha Bisht hadisədən əvvəl sosial şəbəkə hesabında nişan və toy hazırlıqları ilə bağlı paylaşımlar edirmiş.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin