Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində müşahidə olunan ziddiyyətlər diqqət çəkir.
Belə ki, bəzi hallarda fermerlər yetişdirdikləri meyvə və tərəvəzləri münasib qiymətə sata bilmədikləri üçün məhsul əllərində qalır, hətta bir hissəsi tarlalarda çürüyərək yararsız hala düşür.
Bununla yanaşı, paytaxt və digər şəhərlərin bazarlarında həmin məhsulların yüksək qiymətə təklif olunması istehlakçıların narazılığına səbəb olur.
İstehsalçı ilə istehlakçı arasında yaranan bu qiymət fərqi kənd təsərrüfatında mövcud problemləri, xüsusilə satış, logistika və tədarük zəncirindəki çatışmazlıqları yenidən gündəmə gətirir.
Bəs Azərbaycanda bəzi meyvə-tərəvəz məhsulları fermerlərin əlində qalaraq satışa çıxarıla bilmədiyi halda, bazarlarda qiymətlərin yüksək olması hansı səbəblərlə bağlıdır?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtusadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda fermerlərin istehsal etdiyi bəzi meyvə-tərəvəz məhsullarının satışa çıxarıla bilməməsi, eyni zamanda həmin məhsulların bazarlarda baha satılması aqrar sektorun əsas struktur problemlərindən birini göstərir:
“Burada əsas məsələ məhsulun azlığı deyil, onun istehsalçıdan istehlakçıya çatdırılması mexanizminin səmərəli qurulmamasıdır. Fermer məhsulunu vaxtında sata bilmədiyi üçün ucuz qiymətə, bəzən hətta maya dəyərindən aşağı qiymətə təklif etməyə məcbur qalır. Digər tərəfdən, istehlakçı həmin məhsulu bazarda bir neçə vasitəçinin üzərindən keçdikdən sonra xeyli baha qiymətə alır. Bu vəziyyətin bir neçə səbəbi var.
İlk növbədə, Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə bazarın tələbatı arasında əlaqələndirmə zəifdir. Fermerlər çox vaxt hansı məhsulun nə qədər istehsal olunacağına, hansı regionda ona tələbatın yüksək olduğuna dair dəqiq bazar məlumatlarına malik olmadan əkin aparırlar. Nəticədə müəyyən dövrlərdə bazarda eyni məhsulun bolluğu yaranır və satış çətinləşir. Digər tərəfdən, məhsulların saxlanılması, çeşidlənməsi, qablaşdırılması və daşınması üçün infrastrukturun yetərli olmaması da ciddi problemdir.
Tez xarab olan məhsulu fermer uzun müddət saxlaya bilmir və məcburən ucuz qiymətə satır, yaxud məhsulun bir hissəsi ümumiyyətlə məhv olur.Qiymət fərqinin yaranmasında vasitəçilərin çoxluğu da rol oynayır. Fermerdən məhsulu alan topdansatış vasitəçisi, distribütor və pərakəndə satıcı hər biri öz mənfəətini qiymətə əlavə edir.
Beləliklə, istehsalçının aşağı qiymətə satdığı məhsul son istehlakçıya çatanda xeyli bahalaşır. Lakin bunu yalnız vasitəçilərlə izah etmək də düzgün deyil. Nəqliyyat, saxlama, enerji, qablaşdırma və ticarət xərcləri də son qiymətə təsir göstərir. Problemin həlli üçün ilk növbədə fermerlərlə ticarət şəbəkələri arasında birbaşa əməkdaşlıq mexanizmləri genişləndirilməlidir”.
Onun sözlərinə görə, məhz fermerlərin kooperativlərdə birləşməsi onların məhsulu daha böyük həcmdə, vahid keyfiyyət standartları ilə bazara çıxarmasına imkan verər:
“Eyni zamanda, regionlarda müasir soyuducu anbarların, çeşidləmə və qablaşdırma mərkəzlərinin yaradılması vacibdir. Bu, fermerin məhsulunu yığım mövsümündə ucuz qiymətə satmaq məcburiyyətini azaldar.
Digər mühüm məsələ aqrar bazar haqqında məlumatlandırma sisteminin qurulmasıdır. Fermer əvvəlcədən hansı məhsula nə qədər tələbat olduğunu, hansı bazarda hansı qiymətlərin formalaşdığını bilməlidir. Dövlət bu istiqamətdə elektron satış platformalarının və topdansatış bazarlarının inkişafına dəstək verə bilər. Məhsulun emal sənayesinə yönəldilməsi də vacibdir.
Məsələn, təzə halda satılmayan pomidor, alma və digər məhsulların şirə, tomat, konserv və qurudulmuş məhsul istehsalında istifadə olunması itkiləri azalda bilər. Ən əsası, dövlətin aqrar siyasəti yalnız məhsul istehsalının artırılmasına deyil, onun satışının təmin edilməsinə də yönəlməlidir. Çünki fermer istehsal etdiyi məhsulu sata bilmirsə, verilən subsidiyanın və digər dəstək mexanizmlərinin iqtisadi səmərəsi də azalır”.
Ekspert qeyd edib ki, aqrar sektorun uğuru təkcə nə qədər məhsul yetişdirilməsi ilə deyil, həmin məhsulun fermerə gəlir, istehlakçıya isə münasib qiymət gətirməsi ilə ölçülməlidir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin