Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.
Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4.5-5 kubmetr təşkil edir.
Hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Sürüşmə nəticəsində ərazidə park edilmiş 3 avtomobilə ciddi ziyan dəyib.
Sürüşmə nəticəsində yaşayış binaları üçün hər hansı təhlükə müəyyən edilibmi?Ərazidə təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirlər görülüb?
Yaranan sualla bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, FHN mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib: “02 avqust 2026-cı il tarixində saat 17:35 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən “AENT” MTK-ya məxsus yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində baş vermiş torpaq uçqunu ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və təhlükəli ərazi lentlə bağlanıb.
Bildiririk ki, cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulubdur.
Fövqəladə Hallar Nazirliyi yaxınlıqda yaşayan vətəndaşlardan torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamağı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməyi xahiş edir”.
Günel Həsənova, Bizimyol.info