Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Məlum olduğu kimi, "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılıb. Buna görə də qeyd olunan ərazi üzrə sentyabrın 22–26-da 7 məktəbdə tədris distant formada təşkil edilib.
Belə ki, 6 nömrəli məktəb-lisey, 7, 8 və 23 nömrəli tam orta məktəblər, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli məktəb-lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dərslər distant olub.
"Formula 1"dən sonra da tıxac probleminin qarşısını almaq üçün tədris distant formada davam edə bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, "Formula 1" ilə əlaqədar olaraq, bir neçə təhsil müəssisəsində tətbiq olunan dərslərin məsafədən idarəetməsi fonunda yollarda avtomobil sıxlığında azalma müşahidə olunur:
"Yeni tədris ili başlayan gün və sonrakı günlərdə yollarda sıxlıq müşahidə olunurdu. Lakin distant tədrisin tətbiqindən sonra son 2-3 gün ərzində o qədər də sıxlıq müşahidə olunmur. Fikrimcə, xüsusi problemin aradan qaldırılması, metropoliten istiqamətində mövcud təmir-bərpa işləri, eyni zamanda yol infrastrukturunda olan işlərin tam başa çatmasına qədər məsafədən dərsləri idarə edə bilərik”.
Müsahibimiz hesab edir ki, distant tədrislə bağlı bir çətinliyimiz olmamalıdır. Çünki pandemiya dövründə biz məhz məsafədən idarəetmə əsasında təhsili tətbiq etmişik və bu istiqamətdə təcrübəmiz var.
Distant təhsil dövrünün mümkün təsirlərini şərh edən ekspert qeyd edib ki, distant təhsil ənənəvi təhsilin yerini vermir. İstər PISA qiymətləndirilməsində, istərsə də digər qiymətləndirmələrdə uğurlu nəticələrimiz yoxdur:
“Ona görə də düşünürəm ki, məsafədən təhsilin də müəyyən qədər çatışmayan tərəfləri var”.
Elçin Əfəndi: Bakıda 700-800 min nəfərin tədrisini müvəqqəti olaraq distant formata keçirmək mümkündür
Ekspert bildirib ki, fors-major hallar, fövqəladə vəziyyət və digər pandemik vəziyyətlərlə əlaqədar olaraq distant təhsildən faydalanmalıyıq. Dediyinə görə, paytaxtda mövcud olan nəqliyyat sıxlığını dəyərləndirərkən dərslərin məsafədən (distant) təşkil olunması və ya sıxlığın yüksək olduğu təhsil müəssisələrində bu formata keçilməsi hal-hazırkı vəziyyət üçün ən məntiqi qərarlardan biri hesab olunur:
“Çünki ölkə üzrə 1 milyon 600 min şagird və 250 mindən çox tələbə təhsil alır. Məhz faiz nisbətində paytaxtda 500 min nəfərə yaxın şagird tam orta təhsil müəssisələrində təhsil alır. Sırf paytaxtda yerləşən ali məktəblərdə 180 000-ə yaxın tələbə təhsil alır. Bu müəssisələrdə isə təxminən 200 000 nəfərə yaxın təhsilalan var”.
“Ümumilikdə həm məktəblər, həm də orta ixtisas və ali təhsil müəssisələri nəzərə alınsa, Bakıda hardasa 700-800 min nəfərin tədrisini müvəqqəti olaraq distant formata keçirmək mümkündür", - deyə Elçin Əfəndi əlavə edib.
Gülşən Şərif