Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Fransanın Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları Baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi hökumətə qarşı irəli sürülmüş etimadsızlıq qətnaməsini qəbul etməyiblər. Səsvermənin nəticələrinə görə, qətnamənin qəbul olunması üçün tələb olunan səs sayı toplanmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Yael Braun-Pive plenar iclas zamanı bildirib.
Etimadsızlıq votumunu 267 deputat dəstəkləyib. Qətnamənin qəbul edilməsi üçün isə 577 deputatdan azı 289-nun yəni mütləq əksəriyyətin səsi tələb olunurdu. Beləliklə, qətnamənin qəbuluna 22 səs çatmayıb. Qətnamə solçu “Tabe Olmayan Fransa” partiyası tərəfindən irəli sürülüb. Buna səbəb baş nazir Lekornunun ölkənin dövlət büdcəsi haqqında qanunun üçüncü və son hissəsini parlamentdə səsvermə keçirmədən, Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsasən hökumətin məsuliyyəti altında qəbul etməsi olub. Partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano bildirib ki, qətnamə ilk növbədə fransızları “misli görünməmiş dərəcədə sərt” adlandırdığı büdcə qanunundan xilas etmək məqsədi daşıyır.
Lekornu daha əvvəl Konstitusiyanın bu maddəsindən istifadə etməyəcəyinə söz versə də, bir neçə mərhələli parlament müzakirələrinin nəticəsiz qalmasından sonra bu addımı atmağa məcbur olduğunu açıqlayıb. Baş nazirin sözlərinə görə, büdcə layihəsinin parlamentdə müzakirəsi “Tabe Olmayan Fransa” partiyası və sağçı “Milli Birlik” tərəfindən bloklanıb ki, bu da büdcənin vaxtında qəbul edilməsinə imkan verməyib.
Yanvarın 27-də parlamentdə çıxış edən Lekornu qeyd edib ki, müzakirələr zamanı hökumətin hazırladığı büdcə layihəsinə real və ciddi alternativ təqdim olunmayıb. Onun sözlərinə görə, 350 saatlıq parlament debatları ərzində ya daha böyük dövlət borcu, ya daha yüksək vergilər, ya da həyata keçirilməsi mümkün olmayan qənaət tədbirləri nəzərdə tutmayan heç bir inandırıcı alternativ irəli sürülməyib. Baş nazir bəzi məqamların isə “hətta karikaturanı xatırlatdığını” vurğulayıb.
Xədicə BAXIŞLI