Milli.az saytına istinadən Icma.az xəbər verir.
"Fərqli bir axşam" layihəsinin yaranma ideyası necə formalaşdı və bu layihə Azərbaycan ifaçılıq sənəti üçün nə dərəcə əhəmiyyət kəsb edir?
"Fərqli bir axşam" layihəsinin yaranma səbəbi mənim Avropada təhsil aldığım ərəfədə görüb-götürdüyüm dəyərli nümunələrdən biridir. Orada bütün orkestrlər mövsüm ərzində proqrama mütləq bir neçə fərqli kamera tərkibində konsertlər daxil edirlər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunduqdan sonra bu ideyanı konsert mövsümünün planına saldıq. Bu silsilə konsertlər neçənci ildən keçirilir və layihənin əsas konseptual xətti nədən ibarətdir? İlk konsertimiz 2024-cü ildə baş tutub və hazırda artıq üçüncü dəfədir ki, dinləyicilərə təqdim edirik. Bu layihənin konseptual dəyəri ondan ibarətdir ki, böyük simfonik orkestrin musiqiçiləri kamera formatında - trio, kvintet, oktet və ya müxtəlif alətlərin fərqli ansambl birləşmələri tərkibində çıxış etmək imkanı əldə edirlər. Eyni zamanda dinləyicilər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərini fərdi sənətkarlar kimi - adi orkestr kontekstindən kənarda özlərini necə təqdim etdiklərini görmək və dinləmək imkanı qazanırlar. Layihənin adında yer alan "fərqli" anlayışı konsert proqramında konkret hansı məzmunla ifadə olunur? Layihənin adı olduqca məntiqli və sadədir. Çünki dinləyicilər simfonik orkestrin konsertinə gələrkən böyük tərkibdə ifanı və monumental simfonik musiqini gözləyirlər, lakin bu konsertlərdə onlar tamamilə fərqli bir mənzərə görür və eşidirlər. Məhz bu səbəbdən layihə "Fərqli bir axşam" adlandırılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərinin ansambl kimi çıxış etməsi onlar üçün hansı yaradıcı imkanları açır? Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçiləri kamera musiqisinə müraciət edərək, onlar bir-birini yaradıcılıq baxımından daha dərindən tanıyır, tərəfdaşını son dərəcə diqqətlə dinləməyi və hiss etməyi inkişaf etdirirlər ki, bu da ümumilikdə orkestr mədəniyyətinin və ifa intizamının ayrılmaz tərkib hissəsidir. Bu cür format ifaçılarda şəxsi məsuliyyət hissini qaçılmaz olaraq artırır, interpretasiyaya müstəqil yanaşmanı, fikir, ideya və bədii baxışların canlı mübadiləsini stimullaşdırır. Layihə çərçivəsində proqrama ilk ifalar daxil edirsiz? Bu formatda mən ilk növbədə musiqiçilərin öz ideyalarını dəstəkləməyə çalışıram. Əsas odur ki, bu ideyalar onları ruhlandırsın. Eyni zamanda mən hər zaman yeniliklərə açığam və gələcəkdə bu layihəni daha da maraqlı etmək niyyətindəyəm: nadir ifa olunan əsərlərə və qeyri-adi, az rast gəlinən ansambl tərkiblərinə müraciət etməklə. Məsələn, beş truba üçün virtuoz bir əsər və ya dörd faqotun birgə ifası və s. Bu sahədə olduqca maraqlı və diqqətəlayiq əsərlər mövcuddur. Bu konsertlər silsiləsi gənc dinləyicilərin zövqünün və akademik musiqiyə marağının formalaşmasında hansı rol oynayır? Ümumilikdə, konsertlərimizə çoxlu sayda gənc dinləyicinin gəlməsi son dərəcə sevindirici bir haldır. Uzun illər Avropada yaşamış və fəaliyyət göstərmiş bir musiqiçi kimi bunu əminliklə deyə bilərəm ki, bu mənzərə hər yerdə müşahidə olunmur. Məhz buna görə də bizdə gənc auditoriyanın sayının çox olması xüsusi dəyər kəsb edir.Düşünürəm ki, bu proses qarşılıqlı xarakter daşıyır. Yəni, musiqiçilər tərəfindən müəyyən bir maraq yaradılır və gənc dinləyicilərin konsertlərə gəlməsi isə öz növbəsində məni həvəsləndirir ki, proqramları daha da cəlbedici və müxtəlif edim. Bu layihədə də qeyd etdiyim kimi, musiqiçilərin fərdi şəkildə səslənməsi və özlərini ifadə etməsi gənc dinləyicilərdə ayrı-ayrı musiqi alətlərinə maraq və həvəs oyada bilər, onları möcüzəli musiqi dünyasına daha da yaxınlaşdıra bilər.
Layihənin gələcək mövsümləri üçün hansı yeni ideyalar nəzərdə tutulur? Ən əsas ideyalardan və arzularımdan biri belə proqram tərtib etməkdir ki, konsert zalında canlı, güclü enerji yaransın - həm musiqiçilərdən dinləyicilərə, həm də dinləyicilərdən musiqiçilərə ötürülən qarşılıqlı enerji. Əminəm ki, biz bu istiqamətdə uğurla irəliləyirik və layihə hər mövsüm daha da zənginləşəcək.. Təşəkkür edirik Fuad müəllim.Beləliklə, "Fərqli bir axşam" layihəsi təkcə qeyri-standart proqram təqdim edən konsertlər silsiləsi deyil, eyni zamanda Azərbaycan simfonik ifaçılıq mühitində kamera musiqisi mədəniyyətinin inkişafına yönəlmiş strateji bir platformadır. Bu layihə vasitəsilə orkestr musiqiçiləri öz fərdi bədii potensiallarını nümayiş etdirmək, dinləyicilər isə musiqini daha yaxın, daha səmimi və daha canlı formatda dərk etmək imkanı qazanırlar.
Fuad İbrahimovun təşəbbüsü ilə formalaşan bu konsepsiya göstərir ki, müasir dinləyici yalnız ənənəvi repertuarla deyil, yaradıcı axtarışlar və yeni ifadə formaları ilə də maraqlanır. "Fərqli bir axşam" məhz bu baxımdan Azərbaycan musiqi həyatında canlı dialoq yaradan, ifaçı ilə auditoriya arasında yeni estetik körpülər quran və akademik musiqinin gələcək inkişaf perspektivlərini formalaşdıran önəmli mədəni hadisə kimi dəyərləndirilə bilər.