Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hacıqabul rayonunda 1983-cü il təvəllüdlü Natiq Abuşov dostluq münasibətlərində olduğu 1995-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Qasım Kərimovu bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 17-də Hacıqabul rayonu, Navahi kəndində baş verib. Natiq yaşadığı bir mərtəbəli evin qarşısında əvvəlcədən tanıdığı Qasımın onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla Qasımın döş qəfəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Natiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Natiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qasımı 2013-cü ildən tanıyır, yaxın dostluq münasibətində olublar: “Mən Qasımgilin Ağcabədi rayonunda olan fermasında əvvəllər çobanlıq etmişəm. Qasımgilin fermasından çıxdıqdan sonra Hacıqabul rayonu, Navahi kəndində çobanlıq edirdim. Qasım mobil telefonuma zəng edərək qonaq gəlmək istədiyini və yanımda 3 gün qalacağını bildirdi. Mən ona etiraz etmədim. Qasım gələndən sonra birlikdə mağazaya gedərək yeyib-içmək üçün zəruri olan ərzaq məhsulları aldıq. Birlikdə iki gün yeyib içdik”.
Təqsirləndirilən şəxs bildirib ki, iyun ayının 17-də Qasım yenidən mağazaya gedib və yeyib-içmək üçün nə lazımdırsa alaraq gətirib: “Qasımla yeyib-içərkən aramızda mübahisə düşdü. Qasımı bir dəfə bıçaqla vurdum. Hadisə vaxtı hər ikimiz sərxoş olmuşuq. Qasım mənim ünvanıma “var-yox” söyüşü söydüyü üçün onu bıçaqla vurmuşam. Qasıma söyüş söyməməsini, belə söyüşə görə adamı öldürürlər dedim. O, isə təkrar söydüyü üçün onu bıçaqla vurmuşam. Qasımı bıçaqla vurduqdan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim. Daha sonra yola çıxaraq polis əməkdaşlarını qarşıladım və hadisə yerinə gətirdim”.
Təqsirləndirilən şəxs deyib ki, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə maddi yardım göstərə bilməyib: “Qasımla əvvəllər heç bir şəxsi qərəzliyim, düşmənçiliyim olmayıb. Qasımın ailəsini tanıyıram. Anası mənə yemək verib, evlərində qalmışam, fermalarında çobanlıq etmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Qasımın sözlərinə görə, Natiqlə uzun müddətdir dostuq edir: “Biz tez-tez görüşdük, yeyib-içirdik. Hadisə olan günü Natiqin ünvanına söyüş söydüyüm üçün məni bıçaqla vurdu. Günah məndə olub. Hadisədən əvvəl Natiqə zəng etmişəm, onun yanına qonaq gəlmək istədiyimi demişəm. Natiq də mənə “gəl, gözüm üstə” dediyi üçün onlara getmişəm. Spirtli içkini mağazadan almışıq. Spirtli içki içəndə aqressiv oluram. Natiqlə mübahisə etdikdən sonra qardaşım ilə mobil telefon vasitəsi ilə danışdım. Bu zaman Natiq məni bıçaqla vurdu. Günah özümdə olub. Natiqin valideynlərinin ünvanına “ölü-diri” söyüşü söydüyüm üçün məni bıçaqla vurub. Natiq məni bıçaqla vurduqdan sonra əynindəki köynəyi çıxardaraq yaramın üstünə sıxdı ki, çox qan itirməyim”.
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti yoxdur: “Natiqin ailəsi mənə maddi yardım etməyi təklif etsə də, imtina etmişəm. Müalicəmə ümumilikdə 2500-3000 manat məbləğində xərcim çıxıb”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Natiq 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az