Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) milli-mənəvi dəyərlərimizin həm yerli, həm də beynəlxalq miqyasda tanıdılması missiyası ilə ardıcıl tədbirlər görülür.
Mərkəz bu sahədə kadr potensialının gücləndirilməsi, peşə vərdişlərinin artırılması, ustad dərsləri, təlimlər və ixtisasartırma kurslarının təşkili, eləcə də paytaxt və regionlardakı mədəniyyət müəssisələrinə metodiki dəstək üzrə geniş fəaliyyət göstərir.
Bu baxımdan aprel ayında Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan “Mədəniyyət rüzgarı” adlı tədbirlər proqramını göstərmək olar.
Proqram çərçivəsində regionda fəaliyyət göstərən mədəniyyət işçiləri elmi-metodiki, nəzəri və təcrübi məlumatlarla təmin edilib, sənət xadimləri ilə görüşlər, musiqi, teatr, mədəni irs və digər mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
“Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar Gəncə şəhərində gerçəkləşən ilk tədbir olub.
Əvvəlcə Gəncə Dövlət Universiteti (GDU) ilə birgə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar təşkil edilib.
Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində keçirilən seminarın məqsədinin milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərinin gənc nəslə çatdırılması olduğunu vurğulayıblar.