Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyasında ciddi narahatlıq doğurur.
42 ölkəni əhatə edən genişmiqyaslı beynəlxalq araşdırma göstərib ki, 50 yaşdan aşağı şəxslər arasında ən sürətlə artan yeganə xərçəng növü yoğun bağırsaq xərçəngidir.
Milli.Az xəbər verir ki, britaniyalı alimlərin apardığı araşdırmaya görə, qaraciyər və mədə xərçəngi kimi bəzi xərçəng növləri gənclər arasında azalma meyli göstərsə də, yoğun bağırsaq xərçəngi üçün vəziyyət əksinədir.
Tədqiqat nəticələri göstərib ki, araşdırmaya cəlb olunan ölkələrin üçdə ikisindən çoxunda bu xəstəlik gənclər arasında 50 yaşdan yuxarı şəxslərə nisbətən daha sürətlə yayılır.
Məsələn, Böyük Britaniyada 25-49 yaş arası diaqnoz 1990-cı illərin əvvəllərindən bəri 50 faizdən çox artıb, ABŞ-də isə 2030-cu ilə qədər yoğun bağırsaq xərçənginin 50 yaşdan aşağı şəxslərdə ən çox rast gəlinən xərçəng növü olacağı proqnozlaşdırılır.
Mütəxəssislər bu artımı izah etmək üçün bir neçə fərqli nəzəriyyə irəli sürürlər: Yaşlı insanlarda tətbiq edilən rutin skrininq (yoxlama) testləri, xəstəliyi erkən mərhələdə aşkar etdiyi və xərçəngə çevrilməmiş lezyonları vaxtında aradan qaldırdığı üçün, 50 yaşdan yuxarı şəxslərdə halların azalmasına kömək edir.
Digər alimlər isə həddindən artıq emal olunmuş qidalar, antibiotik istifadəsi və düzgün olmayan qidalanma vərdişlərinin bu artımda rol oynaya biləcəyini düşünürlər.