Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Builki sınaq marafonunda 87 mindən çox orta məktəb məzununun 59 min nəfərə yaxını tələbə adı qazandı
Hər bir gəncin ən böyük arzusu və başlıca məqsədi illərlə verdiyi əməyin sonunda istədiyi ixtisas üzrə ali təhsil almaqdır. Bunun üçün uzun müddət hazırlaşır, sınaq imtahanlarında iştirak edir, müxtəlif çətinliklərlə üzləşir və nəhayət, qəbul imtahanlarında öz bilik və bacarıqlarını ortaya qoyurlar. Avqustun 24-də açıqlanan ixtisas seçiminin nəticələri bu uzun və gərgin prosesin son mərhələsidir.
2026-cı il üzrə ali təhsil müəssisələrinin müsabiqəsində, ümumilikdə, 87 min 146 nəfər iştirak edib. Onlardan 58 min 947 nəfəri tələbə adını qazanıb, universitetlərə qəbul planı 97,07 faiz yerinə yetirilib. Qəbul olunanların 4 min 215 nəfərini subbakalavrlar təşkil edib. Bu nəticələr ali təhsilə marağın və universitetlərdə təhsil almaq istəyən gənclərin sayının kifayət qədər yüksək olduğunu göstərir.
28 min 108 nəfər dövlət sifarişi əsasında, 317 nəfər dövlət hesabına (xüsusi əsaslarla ali məktəblərə qəbul edilənlər), 30 min 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlət sifarişi ilə qəbul olunanlar arasında 1145, ödənişli əsaslarla qəbul olunanlar arasında 3012 subbakalavr var. Dövlət hesabına qəbul olunan subbakalavrların sayı isə 58 nəfər təşkil edib.
İxtisas qrupları üzrə göstəricilər də abituriyentlərin seçimində müəyyən fərqləri ortaya qoyur. Ən çox qəbul I ixtisas qrupunda qeydə alınıb. Bu qrup üzrə ümumilikdə, 19 min 177 nəfər ali məktəblərə qəbul olunub. II ixtisas qrupu üzrə 15 min 524 nəfər təhsil almaq imkanı qazanıb. III ixtisas qrupu üzrə 15 min 332 nəfərdən 11 min 030 nəfər ödənişli, 4 min 224 nəfər dövlət sifarişi, 78 nəfər isə dövlət hesablı əsaslarla, IV ixtisas qrupu üzrə isə 4621 nəfər qəbul olunub. Qəbul prosesində diqqətçəkən məqamlardan biri də subbakalavrların ali təhsilə inteqrasiyasıdır. Ümumilikdə, 4215 subbakalavr ali təhsil müəssisələrinə qəbul edilib.
Digər maraqlı məqamlarından biri də müsabiqədənkənar qəbul imkanlarından yararlananların sayıdır. Bu il 3 nəfər beynəlxalq fənn olimpiadasında, 103 nəfər respublika fənn olimpiadalarında, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan IB təhsil proqramı üzrə əldə etdiyi nəticələrə əsasən müsabiqədənkənar ali məktəblərə qəbul olunmaq hüququ qazanıb. Bundan başqa, SAT nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.
Təhsil məsələləri üzrə ekspert Elmir Nəsirov qeyd etdi ki, bu il abituriyentlərin ixtisas seçimində müəyyən dəyişikliklər müşahidə olundu:
– I ixtisas qrupunda informasiya təhlükəsizliyi və kompüter elmləri ilə yanaşı, kimya mühəndisliyinə də böyük maraq göstərilib. Əvvəlki illərlə müqayisədə qida mühəndisliyinə üstünlük verənlərin çoxalması da diqqətçəkən məqamlardandır. II ixtisas qrupunda isə vaxtilə ən çox üstünlük verilən mühasibat ixtisası artıq əvvəlki mövqeyini qoruyub saxlaya bilmir. Hazırda beynəlxalq ticarət və logistika daha çox seçilən istiqamətlər sırasındadır. Maliyyə ixtisası isə ənənəvi mövqeyini qoruyaraq abituriyentlərin maraq göstərdiyi əsas sahələrdən biri olaraq qalır.
III ixtisas qrupunda hüquq hələ də öz ənənəvi populyarlığını saxlayır. Hüquqdan sonra isə beynəlxalq münasibətlər ixtisasına maraq çox yüksəkdir. Bununla belə, abituriyentlərin seçimində hələ də ciddi bir problem qalır, onlar çox zaman ixtisasdan daha çox universitetin adına üstünlük verirlər. Bəzi özəl universitetlərin diplomlarının tanınmaması və ya gələcəkdə fəaliyyətlərinin dayandırılması ilə bağlı narahatlıqları olduğunu deyirlər.
IV ixtisas qrupunu seçən abituriyentlərin isə böyük hissəsinin əsas məqsədi məhz tibb ixtisasına yiyələnməkdir. Bununla yanaşı, bu il Qarabağ Universitetinə maraq daha da artıb. Eyni zamanda, Xəzər Universitetində filologiya (Çin dili) ixtisası üzrə cəmi 15 plan yerinin olması və bu sahəyə tələbatın yüksəlməsi də diqqət çəkir. Bakı Dövlət Universitetində filologiya (Çin dili, tədrisi ingilis dilində) ixtisasına marağın artması da bu tendensiyanın göstəricilərindəndir.
Ekspertin fikrincə, ixtisas seçimi zamanı plan yerlərinin sayına yanaşma da düzgün formalaşdırılmalıdır.
– Plan yerlərinin çox olması bəzi abituriyentlərdə həmin ixtisasa qəbul şansının daha yüksək olduğu təəssüratını yaradır. Halbuki gələcəkdə həmin ixtisas üzrə məzunların sayının çox olması əmək bazarında rəqabəti artıra bilər.
Bu il abituriyentlərin ixtisas seçimində yeni və perspektivli istiqamətlərə maraq artıb. I ixtisas qrupunda data analitikası kimi yeni sahələrə üstünlük verilir. Müşahidə edirik ki, informasiya texnologiyaları və rəqəmsal sahələr gənclərin karyera seçimində getdikcə daha mühüm rol oynamağa başlayır. Yüksək bal toplayan abituriyentlərin müasir və texnoloji istiqamətlərə yönəlməsinin də çox olduğunu deyə bilərik. Bu baxımdan, ADA Universitetinin kompüter elmləri ixtisasında 697 bal səviyyəsində nəticənin formalaşması informasiya dövründə texniki ixtisasların yüksək nəticə göstərən abituriyentlər üçün cəlbedici olduğunu sübut edir. Respublika fənn olimpiadalarının, xüsusilə texniki istiqamətlər üzrə qaliblərinin belə ixtisaslara üstünlük vermələri də müsbət tendensiyadır.
Seçimlərə nəzər salanda görürük ki, abituriyentlərin bir çoxu gələcəkdə əmək bazarında tələbatın yüksək olacağı yeni sahələrə yönəlməyə başlayıblar. Bu isə ixtisas seçimində düşüncə tərzinin tədricən dəyişdiyini göstərir.
Ləman TƏHMƏZ
XQ