Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Son 10-15 gündə onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların bir çoxunun Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılaraq buraxılmadığı bildirilir.
Bununla bağlı Azərbaycan vətəndaşlarından müxtəlif şikayətlər eşidilir. Şikayətlərə görə, məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirir.
"Onlayn platforma üzərindən xaricdən öz istifadəm üçün bəzi mal və əşyaları sifariş vermişəm. Sistem göstərir ki, iki həftəyə yaxındır mallar Azərbaycana daxil olub, amma gömrük işləmləri davam edir", - adının çəkilməsini istəməyən şikayətçilərdən biri yerli mediaya bildirib.
Onun deməsinə görə, əvvəllər də gecikmə yaşanıb, amma müddət heç vaxt belə uzun olmayıb.
Üstəlik, bu prosesi gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi haqda rəsmən təsdiqini tapmayan məlumatlarla da əlaqələndirənlər var.
Hələlik bu şikayətə Dövlət Gömrük Komitəsi (DGK) və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma "Qafqazinfo"ya DGK-dan deyilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən, poçt daşıyıcıları vasitəsilə sifariş olunan yüklər də gömrük orqanlarına bəyan edilməlidir: "Son dövrlərdə elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur".
Açıqlamaya görə, bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir: "Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur".
Amma şikayətçilərdən biri vurğulayıb ki, bəyannamə prosesinə o, həmişə olduğu kimi əməl edib və bununla bağlı hər hansı gecikməni məntiqli saymır.
“AzPolitika.info”