Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aygün BAĞIRLI Filologiya üzrə fəlsəfə doktoru, dosent Azərbaycan ədəbiyyatı, mədəniyyəti və təhsilinin, xüsusilə uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan görkəmli ədib, dramaturq, ictimai xadim, pedaqoq Süleyman Sani Axundovun bu il 150 illik yubileyidir.
Qarabağda - Şuşada bəy ailəsində dünyaya göz açan, ancaq ikiaylıq olarkən atası Rzaqulu bəy dünyasını dəyişdiyindən anası Dürnisə xanımın himayəsində böyüyən, dayısı - görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyovun dəstəyi və qayğıkeşliyi ilə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil alan Süleyman Sani Azərbaycan təhsilinin, teatrının və ədəbiyyatının inkişafında əvəzsiz xidmətlər göstərib.
1894-cü ildə Qori Seminariyasını bitirib Bakıda müəllim kimi fəaliyyətə başlayan S.S.Axundov ilk tədris proqramlarının, dərsliklərin yazılmasında yaxından iştirak edib, məhz ana dilində mətnlərin çatışmadığını görəndə uşaqlar üçün silsilə nağıllar - "Qaraca qız", "Nurəddin", "Abbas və Zeynəb", "Əhməd və Məleykə", "Əşrəf" - yazmış, təhsil təşkilatçısı kimi mühüm işlərə imza atıb.
1920-21-ci ildə Qarabağ maarif şöbəsində müdir işləyərkən dəstəyi və təşəbbüsü ilə Şuşa və Zəngəzur ətrafında uşaq baxçaları, qiraətxanalar, qadınlar üçün savad kursları açılıb.
Məhz onun Azərbaycan Xalq Maarif Komissarlığına ünvanladığı məktub əsasında Şuşada Müəllimlər Seminariyası fəaliyyətə başlayıb.
Teatrlar üçün, məktəb dərnəkləri üçün pyes və ssenarilər yazan ədib həmin əsərlərin səhnələşdirilməsində də iştirak edib, bəzən aktyor çatmayanda müxtəlif rolları ifa da edib.
Əqidədaşları ilə təhsil, maarif cəbhəsində avamlığa, cəhalətə və savadsızlığa qarşı mübarizə aparan, cəmiyyətin işıqlı sabahı üçün çalışan Süleyman Sani bütün icmai, pedaqoji və ədəbi-bədii fəaliyyəti boyu qaranlıqları aydınlatmağa çalışıb.