Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Rusiya ilə açıq hərbi qarşıdurmaya girmədən, Moskvanın əsas həyat damarını nefti hədəfə alıb. Bu, diplomatik bəyanat deyil, birbaşa iqtisadi müharibədir.
Putinlə şəxsi münasibətlərinin “normal” olduğu deyilsə də, Tramp Rusiyaya qarşı yumşalma əvəzinə sanksiya düyməsini son həddə qədər sıxdı. Məqsəd aydındır: Ukraynada sülh masası qurulana qədər Rusiyanı iqtisadi cəhətdən nəfəs almağa qoymamaq.
Neft kəsilir, Rusiya çökür
Bu gün Rusiya neftinin ən böyük alıcıları Çin və Hindistandır. Tramp isə məhz bu iki ölkəni hədəfə alaraq açıq mesaj verir: “Ya rus nefti, ya ABŞ-la ticarət.”
Xəbərdarlıqlar kağız üzərində qalmadı. İlk geri çəkilən Hindistan oldu. Dehli rus neftinin alışını kəskin şəkildə azaltmağa başladı. Bu addım Moskva üçün sadəcə iqtisadi zərbə deyil, strateji şokdur.
Rusiya üçün Hindistan milyardlarla dollar gəlir, sanksiyalardan yayınma, “dost ölkə” statusu demək idi.
İndi isə bu sütun çökməyə başlayıb.
Modi geri addım atdı, Tramp qazandı
Tramp–Modi telefon danışığı əslində ultimatumun diplomatik versiyası idi. Ağ Ev rəhbəri açıq şəkildə Hindistan tərəfə təklif edib ki, Rusiyadan neft almayacağı təqdirdə 25%-lik tarif rüsumu 18 %-ə endiriləcək.
Tramp–Modi anlaşması: təzyiq və güzəşt mexanizmi
Trampın Hindistanın baş naziri Narendra Modi ilə son telefon danışığı bu strategiyanın açıq nümunəsidir. ABŞ prezidenti “Truth Social” hesabında verdiyi açıqlamada bildirib ki, Modi Rusiyadan neft alışını dayandırmağa razılaşdı. Əvəzində Venesueladan daha çox neft almağa hazırdır.
Bundan əlavə, Dehli ABŞ-dan enerji, texnologiya, kənd təsərrüfatı, kömür və digər sahələr üzrə ümumilikdə 500 milyard dollar dəyərində məhsul almağı öhdəsinə götürüb.
Hindistanın geri çəkilməsi Moskva üçün nə deməkdir?
Hindistanın rus neftindən uzaqlaşması Rusiyanın onsuz da sanksiyalar səbəbilə dərinləşən iqtisadi-maliyyə böhranını daha da ağırlaşdırır. Nəticədə Putin üçün təhlükəli ssenari başlayır. Hindistanın geri çəkilməsi Rusiyanın neft gəlirlərinin azalması büdcəsini çökdürür, hərbi xərcləri sual altına salır, Ukrayna cəbhəsində uzunmüddətli müharibə imkanlarını zəiflədir, daxildə sosial-iqtisadi narazılığı artırmaqla yanaşı, iqtisadi tənəzzül prosesini sürətləndirir.
Bu baxımdan Dehlinin mövqeyi Moskva üçün təkcə iqtisadi və ticarət razılaşması deyil, həm də geosiyasi itki anlamına gəlir.
Ən təhlükəlisi isə budur: Moskva “müttəfiqlər də satır” psixoloji mərhələsinə daxil olur.
Gülləsiz müharibə: Trampın əsas hədəfi
Bütün bu proseslər göstərir ki, Tramp administrasiyası Rusiyanı açıq hərbi qarşıdurma ilə deyil, “gülləsiz müharibə” yəni iqtisadi, enerji və diplomatik təzyiqlər vasitəsilə küncə sıxışdırmaq niyyətindədir. Ağ Evdə hesab edirlər ki, birbaşa hərbi eskalasiya nəzarətdən çıxa və gözlənilməz qlobal nəticələrə səbəb ola bilər.
Amma iqtisadi boğma siyasəti Putini masaya məcbur edə bilər. Bu, XXI əsrin müharibəsidir: Bu savaşda tanklar yox, tankerlər döyüşür.
Bu səbəbdən Tramp üçün ən effektiv yol Rusiyanın maliyyə nəfəsini kəsmək, onu müttəfiqlərindən təcrid etmək və nəticədə Ukrayna məsələsində kompromisə məcbur etməkdir.
Tramp Putini atəş açmadan sıxışdırır
Tramp Rusiyanı güllə atmadan, bir raket buraxmadan, amma son dərəcə ağrılı şəkildə küncə sıxışdırır. Neft axını zəiflədikcə, Kremlin manevr imkanları daralır. Bu artıq sanksiya deyil. Bu, iqtisadi mühasirədir.
Mürtəza