Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mən, Zəlimxan Məmmədli ayda bir dəfə Gürcüstana gedib-gəlməliyəm, amma hazırda ildə bir dəfə güclə gedə bilirəm"
"Quru yol bağlıdır, hava yollarının qiymətləri isə olduqca baha olduğundan, halal qazancı olan insanlar üçün tez-tez səfər etmək praktiki olaraq mümkünsüzdür"
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edib.
AZAL-ın məlumatına görə, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.
Qaydalara əsasən, Gürcüstana səfər edən xarici vətəndaşlar ölkədə olduqları müddət ərzində - giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisi ilə təmin olunmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.
Sığorta polisi Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən rəsmiləşdirilə bilər. Sənəd elektron və ya kağız formatında təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.
Aviaşirkət sərnişinlərə cərimələrin, gecikmələrin və ya əlavə prosedurların qarşısını almaq üçün tibbi sığortanı uçuşdan öncə rəsmiləşdirməyi tövsiyə edir.
AZAL bildirib ki, reysə qeydiyyat zamanı sərnişinlərin sığorta polisinin yoxlanılması yalnız ölkəyə giriş qaydaları barədə öncədən məlumatlandırma məqsədini daşıyır.
Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanunu və Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına əsasən tətbiq edilir.
"Borçalı" İctimai Birliyinin sədri, ictimai- siyasi xadim Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında məsələnin kifayət qədər aktual olduğunu vurğulayıb və bildirib ki, Gürcüstanın xarici vətəndaşlar üçün icbari tibbi sığorta tələbi qanunla təsbit olunubsa, ölkəyə daxil olan bütün turistlər bu tələblərə əməl etməlidir.
Ekspert həmçinin qeyd edib ki, hazırkı vəziyyətdə bizim daha ciddi problemimiz sərhəd keçidlərində yaşanan çətinliklərdir. Onun sözlərinə görə, Azərbaycan quru sərhədlərini uzun müddət bağlı saxladığı üçün gediş-gəliş zamanı soydaşlarımız ciddi çətinliklərlə üzləşirlər: “Biz soydaşlarımızın bu problemini həll etməliyik. Mən, Zəlimxan Məmmədli ayda bir dəfə Gürcüstana gedib-gəlməliyəm, amma hazırda ildə bir dəfə güclə gedə bilirəm. Quru yol bağlıdır, hava yollarının qiymətləri isə olduqca baha olduğundan, halal qazancı olan insanlar üçün tez-tez səfər etmək praktiki olaraq mümkünsüzdür. Bu, yalnız maddi problem deyil, həm də sosial və ailə əlaqələrinin qorunması baxımından ciddi çətinliklər yaradır”.
Z. Məmmədli əlavə edib ki, Azərbaycan vətəndaşları öz ölkəsinin qəbul etdiyi qaydalara əməl etdiyi kimi, Gürcüstan hökumətinin qəbul etdiyi qərarlara da hörmətlə yanaşmalıdır. Onun fikrincə, tibbi sığorta tələbi beynəlxalq standartlara uyğundur və bu məsələnin siyasiləşdirilməsi düzgün yanaşma deyil. Eyni zamanda ekspert Azərbaycan və Gürcüstanın strateji müttəfiq ölkələr olduğunu xatırladaraq bildirib ki, iki ölkə vətəndaşları arasındakı gediş-gəlişin ənənəvi və rahat formada davam etməsi hər iki tərəfin maraqlarına cavab verərdi: “Azərbaycan öz növbəsində Gürcüstanla sərhəddə quru gediş-gəlişə imkan yaratmalı, insanları AZAL-ın yaratdığı monopoliyadan xilas etməlidir. Quru sərhədlərin açılması yalnız sosial baxımdan deyil, həm də iqtisadi münasibətlərin sağlamlaşdırılması baxımından vacibdir. Bu, həm soydaşlarımızın gündəlik həyatını asanlaşdırar, həm də iki ölkə arasında humanitar və iqtisadi əlaqələrin inkişafına təkan verər”.