Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, keçmiş Baş nazir, Xarici İşlər naziri və “strateji dərinlik” konsepsiyası ilə tanınan Ahmet Davutoğlunun “Gələcək Partiyası”nı ləğv etməsi və ardınca AK Partiyaya keçəcəyi ilə bağlı yayılan iddialar son dövrdə həm beynəlxalq, həm də daxili siyasi gündəmdə mühüm yer tutur.
Xüsusilə Ahmet Davutoğlu əvvəlki dövrdə Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra prosesə fəal şəkildə müdaxilə edən, Suriyadakı müxalifəti dəstəkləyən və müəyyən mənada onu formalaşdırmağa çalışan siyasi fiqur kimi tanınırdı. Lakin həmin dövrdə ABŞ-ın Əsəd rejiminin devrilməsinə açıq dəstək verməməsi və verdiyi vədləri yerinə yetirməməsi fonunda Davutoğlunun üstünlük verdiyi Suriya siyasəti Suriyanı parçalamağa yönəlmiş siyasət kimi qiymətləndirildi və sonrakı miqrasiya dalğalarının əsas səbəblərindən biri kimi göstərildi.
Politoloqun fikrincə, ikinci mühüm məqam isə Türkiyədə prezident üsul-idarəsinə keçid mərhələsində onun aşağı profilli baş nazir olmağı qəbul etməməsi, FETÖ ilə mübarizədə kifayət qədər fəal görünməməsi və “Pelikan” adı ilə tanınan proses çərçivəsində Prezident Recep Tayyip Erdoğana qarşı öz liderliyini möhkəmləndirməyə çalışan bir komanda formalaşdırması idi. Bu səbəbdən Davutoğlu hakimiyyət daxilində “arzuolunmaz şəxs” kimi qəbul olunmağa başladı.
Daha sonra, xüsusilə 2016-cı ildə Avropa Birliyi ilə geri qəbul sazişinin imzalanması və Suriyalı qaçqınlar başda olmaqla miqrantların Türkiyədə saxlanılması siyasəti də Davutoğlunun yanlış siyasətinin nəticəsi kimi təqdim edildi.
Bütün bu proseslərin fonunda Davutoğlunun müxalifətlə əməkdaşlıq etməsi, “Altılı Masa”nın mühüm intellektual simalarından biri kimi çıxış etməsi AK Parti çevrələrində ciddi narahatlıq yaratdı. Təxminən son on il ərzində AK Parti rəhbərliyi ilə Davutoğlu arasındakı münasibətlər olduqca soyuq şəkildə davam etdi.
Hüsamettin İnaç hesab edir ki, mövcud vəziyyətdə, “Gələcək Partiyası”nın ləğvindən sonra Davutoğlunun AK Partiyaya qəbul edilməyəcək: “Çünki Davutoğlu onu Xarici İşlər naziri, partiya sədri və Baş nazir edən siyasi iradəyə qarşı ciddi və təsirli müxalifət aparmışdı. Bu cür siyasi qarşıdurmaların asanlıqla unudulacağını düşünmək doğru olmazdı.
Başqa tərəfdən, hazırda Hakan Fidanın həyata keçirdiyi xarici siyasət ilə Davutoğlunun “strateji dərinlik” anlayışına əsaslanan siyasəti arasında ciddi fərqlər mövcuddur. Davutoğlu daha emosional və ideoloji yanaşma ilə Orta Şərqlə sürətli inteqrasiyanı və bəzi digər aktorlardan uzaqlaşmanı təşviq edən xətt ortaya qoyurdu. Hakan Fidan isə əksinə, ABŞ, Rusiya, Çin kimi böyük güclərlə balanslı münasibətlər qurmağa və Orta Şərqdə prosesləri həmin güclərlə birlikdə idarə etməyə çalışan daha qlobal və makrostrateji yanaşma sərgiləyir”.
Politoloq bildirib ki, Davutoğlunun “dəyərli tənhalıq” kimi xarakterizə olunan siyasətinin Türkiyəni müəyyən mənada xarici siyasətdə tək qoyduğu iddia edilirdisə, Hakan Fidan bu gün xüsusilə Tramp və ABŞ administrasiyası ilə formalaşdırdığı sinerji fonunda Avropa Birliyi və NATO ilə koordinasiyanı gücləndirməyə, beynəlxalq aktorlarla əməkdaşlıq şəraitində prosesləri idarə etməyə çalışır.
“Hazırkı Türkiyə xarici siyasəti ideoloji yanaşmadan daha çox soyuqqanlı, tərəflərə nisbətən bərabər məsafəli və daha çox strateji ağıla əsaslanan siyasət kimi təqdim olunur. Bu isə Davutoğlunun irəli sürdüyü “strateji dərinlik” konsepsiyası ilə ciddi şəkildə ziddiyyət təşkil edir.
Sadalanan bütün bu səbəblər və dəyişmiş regional-beynəlxalq konjonktura nəzərə alındıqda, keçmişdə Suriyada həyata keçirdiyi siyasətə görə tənqid olunan və Orta Şərqin bugünkü düzəninin formalaşmasına mənfi təsir göstərdiyi düşünülən Ahmet Davutoğlunun AK Parti sıralarında yer alması, xüsusilə də xarici siyasətdə yenidən fəal rol oynaması real görünmür”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info