Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Biri Bakıda, digəri isə Sumqayıtda poçt şöbəsinin rəisi olan iki dostumla – “Rabitə ustası” Əli Babaşov və həm də yazıçı kimi tanınan Arif Ərşadla çay masası arxasında söhbət edirdik. Təsadüfə baxın ki, birdən radioda səslənən mahnıya diqqət kəsildik:
Nə olar, poçtalyon,
Xəbər gətir o yardan,
Kaş ki, görə biləydim
Mən üzünü kənardan...
Bir-birimizin üzünə baxıb güldük və poçtalyon peşəsindən danışmağa başladıq. Bu peşənin bir vaxtlar çox öncül mövqedə olduğunu qeyd etdik. Onu da xatırladıq ki, dünyaca məşhur Benjamin Franklin, Abraham Linkoln, Harri Trumen, Uolt Disney gənclik illərində poçtmeyster işləyiblər. Hətta soydaşımız olan poçtalyon Həcər İsabalayeva “Əmək Qəhrəmanı” adına layiq görülüb.
Dostlarıma hər dəfə poçt şöbələrinə gedəndə unudulmaz şairimiz Şahmar Əkbərzadənin mənalı və kövrək miralarını xatırladığımı söylədim:
Mərkəzi poçtxana, əlac et yenə,
Havayı düşməyib buraya yönüm.
Pənah gətirmişəm könlümü sənə,
Bir gör neyləyirsən, gözünə dönüm.
Həqiqətən də, vaxt olub ki, camaat ənənəvi poçt xidmətlərinə möcüzə kimi baxıb. Yaşlı nəslin yadında olar, rayonlararası danışıq məntəqələrində növbələr yaranardı, “Filankəs, filan kabinəyə!” çağırışı ilə uzaq məkanlar yaxınlaşar, adamlar telefon vasitəsilə səs-səsə, nəfəs-nəfəsə danışardılar. Poçtalyonlar ünvanlara məktub daşıyar, həsrətli könülləri sevindirərdilər. Müjdəli teleqramlar, üçkünc əsgər məktubları, markalı zərflər, poçt bağlamaları, pul baratları vaxtlı-vaxtında sahiblərinə çatardı.
Azərbaycan kinolarında da həssas və qayğıkeş poçtalyon obrazlarının olduğunu xatırladıq. “Mən ki gözəl deyildim”, “Telefonçu qız”, “Tütək səsi” bədii filmləri, “Poçt qutusu”, “Ana və poçtalyon” kimi qısametrajlı lentlər gözlərimiz önündə canlandı. Ekran əsərlərində poçtalyonların sosial və insani rollarının qabardılmasından danışdıq.
Mən qeyd etdim ki, Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində Novruzəlinin rus məmurunu (poçtalyonu) döyərək divanxanaya düşməsi, bəlkə də, süjetin sətiraltı işarəsi ilə çarizmə qarşı mübarizənin mümkünlüyü fikrini təlqin edirdi. Yoxsa, avam bir kəndli zümzümə edən təkəbbürlü rus məmurla münaqişəyə niyə girirdi ki?.. Arif: “Maraqlı versiyasdır” – dedi.
Sonra rejissoru Rasim Ocaqov, ssenari müəllifi İsa Hüseynov olan “Tütək səsi”ni incələdik. Orada diqqətçəkən obrazlardan biri optimistliyi ilə seçilən poçtalyon Millidir. Tapdığa olan sevgisi, gələcək gözəl günlərə inamı, cehiz samovarını cəbhəyə göndərməsi onun hansı xarakterə sahib olmasını aşkar göstərir. Epizodların birində Qılınc Qurban Millinin köhnə məktubları gizlədib, yeni kimi əsgər ailələrinə verib muştuluq aldığını deyir. Lakin sonra məlum olur ki, Milli qara kağızları ona görə gizlədirmiş ki, insanların gələcəyə inamı ölməsin. Bunun isbatını İsfəndiyar kişinin oğlunun qara kağızından xəbər tutduğu səhnədə görürük. Ağsaqqal artıq hər şeylə barışıb sazı əlinə alır. “Ruhani” havası ilə fəryad çəkir.
Xalq şairi Süleyman Rüstəmi məşhurlaşdıran əsərlərindən olan “Ana və poçtalyon” şeirinə diqqət çəkməyə bilməzdik. Axı, bu gözəl poetik nümunədəki obrazlar da olduqca təbii və həzin duyğuludur. Xalq artisti Vera Şirye şeiri böyük ustalıqla səsləndirib:
Tanımayan tapılmaz məhlədə poçtalyonu,
Hamı istərdi onu, hamı sevərdi onu.
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramdı çantası dolu gəldiyi zaman...
Arif Ərşad Xalq yazıçısı Anarın “Keçən ilin son gecəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasını da misal çəkdi:
– Yeni ilin gəlişinə bir neçə saat vardı, Həmidə ana evdə tək qaldığı vaxt qapı döyülür və soyuqdan donmuş poçtalyon Bəşir teleqram gətirir. Tənha qalmış ev sahibi Həmidə ana onu süfrəyə dəvət edir və çay içə-içə söhbətləşirlər. Yığcam dialoqda həyat həqiqətləri təqdim edilir.
– O tamaşaya vaxtilə bir yerdə işlədiyim görkəmli rejissor Ramiz Həsənoğlu gözəl quruluş verib – dedim. – Sonra isə Gülbəniz Əzimzadə film çəkib.
Əli Babaşovun ümumiləşdirici əlavəsi də yerinə düşdü:
– Ədəbiyyatda və kinoda poçtalyon quru bir idarə qulluqçusu, sadə bir icraçı deyil. O, öz peşəsinin müqəddəsliyini duyur və qiymətləndirir. Poçt xidməti işçilərinin ənənəvi insanpərvərliyi estafet kimi nəsildən-nəslə ötürülüb. Bu gün həmin xidmətin formaları xeyli dəyişsə də, mobil telefonlar, canlı videobağlantılar, digər onlayn xidmətlər hegemon olsa da, bu peşənin sosiallığı yenə də qalmaqdadır.
Söhbətimizdə onu da xatırladıq ki, 2020-ci ildə, 44 günlük Zəfər yürüşü zamanı gənclər təşkilatları, ictimai birliklər, məktəbli oğlan və qızlar “Əsgərə məktub” təşəbbüsünə qoşularaq ön cəbhədəki hərbçilərimizə xeyir-dualarını, arzu və istəklərini yollayırdılar. Məsələn, Mələk adlı 7-ci sinif şagirdi yazırdı: “Salam, Vətənimizin qüruru – əsgəri! Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin qüdrətinə bələdəm, deməli, tanıyıram. Sən Vətənini canından üstün tutursan. Mən və mənim ailəm döyüş bölgəsindən uzaqda yaşasaq da, ürəyimiz sizinlədir... Bacınız kimi deyirəm, Siz türk oğlu, Azərbaycan əsgərisiniz. Siz qalib gələcəksiniz. Mən buna əminəm!”
Beləcə, ünvanına çatan məktublar haqq döyüşçülərini qələbəyə daha da ruhlandırırdı. “Əsgərə məktub” təkcə kağızda yazılmış sözlər toplusu deyil, ürəkdən gələn duyğuların, sevginin, həsrətin, təşəkkürün və dəstəyin daşıyıcısı idi. Hər bir döyüşçüyə ünvanlanan məktub onun üçün mənəvi dayaq və ruh yüksəkliyi mənbəyi sayılırdı. Səngərdə ümid işığı, doğma nəfəs idi. Əlbəttə, bu motivasiyada poçt işçilərinin də zəhmət payı vardı.
Poçt xidmətində çalışan dostlarımla bir məsələdə də həmfikir olduq ki, bu gün ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sayəsində rabitə daha da asanlaşıb, məktuba, teleqrama elə də ehtiyac yoxdur. Amma texnoloji tərəqqi nə qədər irəli gedir-getsin, yenə də işıqlı poçtalyon obrazları yaddaşımızdan boy göstərir.
Əli NƏCƏFXANLI
XQ