Icma.az
close
up
RU
Hamı poçtalyonu gözləyirdi...

Hamı poçtalyonu gözləyirdi...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Biri Bakıda, digəri isə Sumqayıtda poçt şö­bəsinin rəisi olan iki dostumla – “Rabitə ustası” Əli Babaşov və həm də yazıçı kimi tanınan Arif Ərşadla çay masası arxasında söhbət edirdik. Təsadüfə baxın ki, birdən radioda səslənən mah­nıya diqqət kəsildik:

Nə olar, poçtalyon,

Xəbər gətir o yardan,

Kaş ki, görə biləydim 

Mən üzünü kənardan...

Bir-birimizin üzünə baxıb güldük və poçtal­yon peşəsindən danışmağa başladıq. Bu peşənin bir vaxtlar çox öncül mövqedə olduğunu qeyd etdik. Onu da xatırladıq ki, dünyaca məşhur Benjamin Franklin, Abraham Linkoln, Harri Trumen, Uolt Disney gənclik illərində poçtmeyster işləyiblər. Hətta soydaşımız olan poçtalyon Həcər İsabalayeva “Əmək Qəhrəmanı” adına layiq görülüb. 

Dostlarıma hər dəfə poçt şöbələrinə gedəndə unudulmaz şairimiz Şahmar Əkbərzadənin mənalı və kövrək miralarını xatırladığımı söylədim:

Mərkəzi poçtxana, əlac et yenə,

Havayı düşməyib buraya yönüm.

Pənah gətirmişəm könlümü sənə,

Bir gör neyləyirsən, gözünə dönüm.

Həqiqətən də, vaxt olub ki, camaat ənənəvi poçt xidmətlərinə möcüzə kimi baxıb. Yaşlı nəslin yadında olar, rayonlararası danışıq məntəqələrində növbələr yaranardı, “Filankəs, filan kabinəyə!” ça­ğırışı ilə uzaq məkanlar yaxınlaşar, adamlar telefon vasitəsilə səs-səsə, nəfəs-nəfəsə danışardılar. Poç­talyonlar ünvanlara məktub daşıyar, həsrətli könül­ləri sevindirərdilər. Müjdəli teleqramlar, üçkünc əsgər məktubları, markalı zərflər, poçt bağlamaları, pul baratları vaxtlı-vaxtında sahiblərinə çatardı. 

Azərbaycan kinolarında da həssas və qayğıkeş poçtalyon obrazlarının olduğunu xatırladıq. “Mən ki gözəl deyildim”, “Telefonçu qız”, “Tütək səsi” bədii filmləri, “Poçt qutusu”, “Ana və poçtalyon” kimi qısametrajlı lentlər gözlərimiz önündə canlan­dı. Ekran əsərlərində poçtalyonların sosial və insani rollarının qabardılmasından danışdıq. 

Mən qeyd etdim ki, Cəlil Məmmədquluzadə­nin “Poçt qutusu” hekayəsində Novruzəlinin rus məmurunu (poçtalyonu) döyərək divanxanaya düş­məsi, bəlkə də, süjetin sətiraltı işarəsi ilə çarizmə qarşı mübarizənin mümkünlüyü fikrini təlqin edir­di. Yoxsa, avam bir kəndli zümzümə edən təkəbbür­lü rus məmurla münaqişəyə niyə girirdi ki?.. Arif: “Maraqlı versiyasdır” – dedi. 

Sonra rejissoru Rasim Ocaqov, ssenari müəllifi İsa Hüseynov olan “Tütək səsi”ni incələdik. Orada diqqətçəkən obrazlardan biri optimistliyi ilə seçilən poçtalyon Millidir. Tapdığa olan sevgisi, gələcək gözəl günlərə inamı, cehiz samovarını cəbhəyə göndərməsi onun hansı xarakterə sahib olmasını aşkar göstərir. Epizodların birində Qılınc Qurban Millinin köhnə məktubları gizlədib, yeni kimi əs­gər ailələrinə verib muştuluq aldığını deyir. Lakin sonra məlum olur ki, Milli qara kağızları ona görə gizlədirmiş ki, insanların gələcəyə inamı ölməsin. Bunun isbatını İsfəndiyar kişinin oğlunun qara ka­ğızından xəbər tutduğu səhnədə görürük. Ağsaqqal artıq hər şeylə barışıb sazı əlinə alır. “Ruhani” ha­vası ilə fəryad çəkir.

Xalq şairi Süleyman Rüstəmi məşhurlaşdıran əsərlərindən olan “Ana və poçtalyon” şeirinə diqqət çəkməyə bilməzdik. Axı, bu gözəl poetik nümunə­dəki obrazlar da olduqca təbii və həzin duyğuludur. Xalq artisti Vera Şirye şeiri böyük ustalıqla səslən­dirib:

Tanımayan tapılmaz məhlədə poçtalyonu,

Hamı istərdi onu, hamı sevərdi onu.

Onu tanıyırdılar adamlar addımından,

Bir bayramdı çantası dolu gəldiyi zaman... 

Arif Ərşad Xalq yazıçısı Anarın “Keçən ilin son gecəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasını da misal çəkdi:

– Yeni ilin gəlişinə bir neçə saat vardı, Həmidə ana evdə tək qaldığı vaxt qapı döyülür və soyuq­dan donmuş poçtalyon Bəşir teleqram gətirir. Tənha qalmış ev sahibi Həmidə ana onu süfrəyə dəvət edir və çay içə-içə söhbətləşirlər. Yığcam dialoqda həyat həqiqətləri təqdim edilir.

– O tamaşaya vaxtilə bir yerdə işlədiyim görkəmli rejissor Ramiz Həsənoğlu gözəl quruluş verib – dedim. – Sonra isə Gülbəniz Əzimzadə film çəkib. 

Əli Babaşovun ümumiləşdirici əlavəsi də yerinə düşdü:

– Ədəbiyyatda və kinoda poçtalyon quru bir idarə qulluqçusu, sadə bir icraçı deyil. O, öz peşə­sinin müqəddəsliyini duyur və qiymətləndirir. Poçt xidməti işçilərinin ənənəvi insanpərvərliyi estafet kimi nəsildən-nəslə ötürülüb. Bu gün həmin xidmə­tin formaları xeyli dəyişsə də, mobil telefonlar, canlı videobağlantılar, digər onlayn xidmətlər hegemon olsa da, bu peşənin sosiallığı yenə də qalmaqdadır. 

Söhbətimizdə onu da xatırladıq ki, 2020-ci ildə, 44 günlük Zəfər yürüşü zamanı gənclər təşkilatla­rı, ictimai birliklər, məktəbli oğlan və qızlar “Əs­gərə məktub” təşəbbüsünə qoşularaq ön cəbhədəki hərbçilərimizə xeyir-dualarını, arzu və istəklərini yollayırdılar. Məsələn, Mələk adlı 7-ci sinif şagirdi yazırdı: “Salam, Vətənimizin qüruru – əsgəri! Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin qüdrətinə bələdəm, deməli, tanıyıram. Sən Vətənini canından üstün tutursan. Mən və mə­nim ailəm döyüş bölgəsindən uzaqda yaşasaq da, ürəyimiz sizinlədir... Bacınız kimi deyirəm, Siz türk oğlu, Azərbaycan əsgərisiniz. Siz qalib gələcəksi­niz. Mən buna əminəm!”

Beləcə, ünvanına çatan məktublar haqq döyüş­çülərini qələbəyə daha da ruhlandırırdı. “Əsgərə məktub” təkcə kağızda yazılmış sözlər toplusu de­yil, ürəkdən gələn duyğuların, sevginin, həsrətin, təşəkkürün və dəstəyin daşıyıcısı idi. Hər bir dö­yüşçüyə ünvanlanan məktub onun üçün mənəvi da­yaq və ruh yüksəkliyi mənbəyi sayılırdı. Səngərdə ümid işığı, doğma nəfəs idi. Əlbəttə, bu motivasiya­da poçt işçilərinin də zəhmət payı vardı.

Poçt xidmətində çalışan dostlarımla bir məsələ­də də həmfikir olduq ki, bu gün ölkəmizdə infor­masiya-kommunikasiya texnologiyalarının inkişafı sayəsində rabitə daha da asanlaşıb, məktuba, teleq­rama elə də ehtiyac yoxdur. Amma texnoloji tərəqqi nə qədər irəli gedir-getsin, yenə də işıqlı poçtalyon obrazları yaddaşımızdan boy göstərir.

Əli NƏCƏFXANLI

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see484

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see482

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see316

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see259

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see258

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see252

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see223

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see207

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see195

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see189

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see183

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see179

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see179

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see177

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see170

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see166

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see164

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see163

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see162

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri