Hamının üzündə ikiyə bölünmüş bir təyyarə görürəm... | Icma.az
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vətən müharibəsindən sonra Azərbaycan xalqı haqqında çox tərifli sözlər eşitmişəm, özüm də öymüşəm… Ancaq onların arasında məni ən çox həyəcanlandıran Vaqif Gərayzadənin dediyi olmuşdu.
Cıdır düzündə addımlaya-addımlaya xalqımızın qüdrəti haqqında qənaətlərimizi bölüşərkən bəstəkar elə beləcə də not dəftərinə köçürdü: - Qorxuram, bu xalq imperiya xalqına çevrilə… Üstündən bir neçə il keçib, hər yadıma düşəndə bədənimi fiziki bir silkələnmə ilə qürur basır o sözdən… Bütün dostlarımın yanında deyirəm.
Mənim cəmi bir arzum var. Artıq idi də deyə bilərəm. Çünki onun həyata keçdiyi üç gündür gözlərim önündədir.
İmperiya xalqına çevrilməsə də, mən bu ölkənin insanlarını bir daha heç vaxt məğlub görmək istəmirəm. İstəməmişəm. Artıq əmin oldum.
Bu xalqı heç vaxt məğlub etmək mümkün olmayacaq. Üç gündür baxışlarını göyə zilləyən bu xalqın dik duruşuna göz yaşlarımı saxlaya bilmirəm.
Yadıma şair Əlisəmid Kürün 30 illik işğal bitəndən sonra Qarabağın simvollarından birinə baxıb yazdığı sözlər düşür: “Dözümünə afərin, Xudafərin!” Göydə dövrə vurub geri dönən ölkə Prezidentindən AZAL prezidentinə kimi, dövlətimin ən sonuncu adamına qədər kimə baxıramsa, üzündə ikiyə bölünmüş bir təyyarə görürəm...
Bizi təyyarə kimi yox e, xalq kimi də ikiyə bölüblər, ancaq can verməmişik.
Tam oxu
Xəbəri oxu